“ABŞ arxivlərində Osmanlı dövlətinin ermənilərə qarşı “soyqırım” etdiyinə dair heç bir dəlil yoxdur. ABŞ bu qondarma soyqırımı sübut edə bilməz. Bred Şerman kimi amerikalı senatorlar ilə ermənilərin qullarına çevrilib və bu saxta soyqırımı “tarixi fakt” kimi dünyaya sırımağa çalışırlar”.
Bu sözləri Teleqraf.com-a ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur deyib.
O, ABŞ-ın bəzi siyasi dairələrinin bu məsələyə qərəzli yanaşdığını bildirib:
“Əgər ABŞ arxivlərində qondarma soyqırıma dair bir dəlil olsaydı, Amerika prezidenti qalxıb bunu tanıdığını bəyan edərdi. Amerikanın hansısa ştatının bu saxtakarlığı tanıması bizi narahat edə bilməz. Çünki həmin ştatlar mühakiməsiz qərar verirlər.
ABŞ kimi məhkəmə bitənə qədər cinayətkarın günahsız olduğu qəbul edilən bir ölkədə bizim tariximizi bizi dinləmədən çirkaba bulaşdırmağa çalışırlar. Bu, pulun gücüdür.
Maraqlıdır ki, Nümayəndələr Palatasının üzvləri Avropanın 5 ölkəsinin paytaxtlarını ard-arda saya bilmədikləri halda, 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyırlar. Amma onların qəbul etdikləri qərarlar bizim ayaqlarımızın altındadır. Əgər onlar ABŞ-ın Almaniyadakı keçmiş səfiri, yəhudi Henri Morgentaunun kitabına (“Ambassador Morgenthau's story”) istinad edirlərsə, bu kitab da ABŞ konsulluğunda işləyən bir saxtakar erməni tərəfindən yazılıb. Özü də bu kitabda bu iddianı təkzib etmir”.
Fatih Özonur Türkiyə arxivlərində qondarma soyqırımı yalanlayan çoxlu sayda dəlilin olduğunu bildirib:
“Əgər ABŞ bu “soyqırımı” tanısa, Türkiyə başçısı çıxıb ABŞ arxivlərində saxta soyqırım haqqında dəlilin olmadığını isbat edən teleqraf yazışmalarını dünya ictimaiyyətinə göstərə bilər.
Tarix budur. 1919-1927-ci illərdə Türkiyəyə göndərilmiş admiral Mark Bristolun belə bir soyqırımın olmadığına dair “33-00” adlı hesabatını, gündəliklərini, yazışmaları və məktublarını ABŞ-da aidiyyəti qurumlara təqdim edə bilərik.
Digər yandan, 1921-ci ildə Malta adasına sürgünə göndərilmiş və qondama soyqırımı törətməkdə ittiham edilən 59 türk generalı da belə bir “soyqırım” baş versəydi, azadlığa buraxmazdılar. Həmin vaxt Maltadakı məhkəmədə iştirak etmiş İngiltərə nümayəndəsi Lord Kurzon da arxivlərdə bu məsələyə dair heç bir dəlilin olmadığını bildirmişdi”.
TASFO başqanı qeyd edib ki, nə ABŞ, nə İngiltərə, nə Fransa, nə Almaniya, nə də Rusiya arxivlərində saxta soyqırıma dair heç bir dəlil yoxdur: “Bəs niyə ABŞ və İngiltərə bu “soyqırımı” tanımır? Çünki sübut edəcək dəlilləri yoxdur, arxivlər açılsa, diş qurdalamağa heç nə tapmayacaqlar”.