19 Fevral 2019 15:01
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəşmirdə 40 əsgərin ölümünə səbəb olan partlayışdan sonra dünyanın iki nüvə silahına malik dövləti - Hindistan və Pakistan arasında gərginlik getdikcə artır.

Teleqraf.com xəbər verir ki, hindistanlı generalın bu partlayışda Pakistan xüsusi xidmət orqanının barmağı olduğunu bəyan etməsi gərginliyi tətikləyib.

Hindistan ordusunun generalı Dhillon jurnalistlərlə söhbəti zamanı deyib ki, 40 hindistanlı əsgərin ölümünə səbəb olan kamikadze hücumunda Pakistan kəşfiyyatının əli var. Onun iddiasına görə, bu prosesdə iştirakı olan qrupun liderlərini izləyib tapıblar və bu şəxs Pakistan məxfi xidməti tərəfindən idarə olunur.

Qeyd edək ki, ötən həftə Kəşmirdə hərbi konvoyu hədəf alan partlayıcı yüklü avtomobillə törədilən terror aktı 1989-cu ildən bu yana ən qanlı terror hücumlarından biri kimi tarixə düşüb. Sonradan hücumla bağlı məsuliyyəti Pakistanda fəaliyyətdə olan Ceyşi Məhəmməd təşkilatı üzərinə götürüb.

İki nüvə ölkəsi arasında münasibətlərin kəskinliyi artıq internet resurslara da sirayət edib. İnternetdə ən böyük axtarış resursu olan Google-nin axtarış sistemində “ən keyfiyyətli tualet salfeti” yazıb axtarışa verəndə Pakistan dövlət bayrağı çıxır. Pakistan bayrağı rəngində tualet kağızı Kəşmirdə baş verən terror hücumundan bir neçə gün sonra Hindistanın bəzi bloqlarında görünüb və ciddi müzakirələrə yol açmışdı. Bunun ardınca kimlərsə Google axtarış sistemində axtarışın nəticələrini dəyişərək salfet yerinə Pakistan bayrağının ortaya çıxmasına nail olub. Google şirkəti hələlik bununla əlaqədar mövqeyini ifadə etməyib.

Qeyd edək ki, Kəşmirdə baş verən terror hücumundan sonra rəsmi Dehli İslamabadı ittiham edir. İslamabad isə bu iddiaları rədd edir. Bu səbəbdən də hər iki dövlət səfirlərini geri çağırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər