8 Mart 2019 13:36
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaşinqton Post” qəzetinin iqamətgahında “Community Empowerment” Assosiasiyası və “Global Chamber” şirkətinin təşkilatçılığı və ABŞ-da akkreditə olunan GUAM ölkələri səfirliklərinin iştirakı ilə “GUAM məhsulları” adlı tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə diplomatik nümayəndəliklər, biznes şirkətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə GUAM ölkələrində akademik və biznes imkanları barədə çıxışlar edilib, təşkilatın bu ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsində rolundan bəhs edilib.

Gürcüstan, Ukrayna və Moldova səfirliklərinin nümayəndələri ilə yanaşı ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov çıxış edərək Azərbaycanın biznes layihələri, inkişaf edən sənaye sahələri, ticarət əlaqələri və potensial imkanlar barədə məlumat verib, regionun inkişafı üçün birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, GUAM ölkələrinin yerli çaxır məhsulları tədbirin diqqət mərkəzində olub və təqdim edilən Azərbaycanın “Savalan” yerli brendinin çaxırları qonaqların geniş marağına səbəb olub. Biznes nümayəndələri Azərbaycan çaxırlarının ABŞ bazarında yayılması imkanları ilə maraqlanıb.

Tədbirdə qonaqlara Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın milli yeməkləri və şirniyyat nümunələri təqdim edilib. Ölkəmizin milli mədəniyyət nümunələrini əks etdirən guşə qonaqlar tərəfindən maraqla izlənilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər