BMT 2018-ci ilin Suriyada yaşayan uşaqlar üçün ölümcül il olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, BMT Uşaqlara Yardım Fondunun (UNICEF) yayımladığı hesabatda keçən il Suriyada baş verən silahlı qarşıdurmalarda 1106 uşağın həyatını itirdiyi bildirilib.
Bu, müharibənin davam etdiyi 8 il ərzində ən yüksək göstəricidir.
Hesabatda yalnız müəyyən edilmiş ölüm hallarına yer verilib. Təsbit edilməmiş ölümlər isə bu rəqəmin daha yüksək olacağı ehtimalını yaradır.
Habelə sənəddə suriyalı uşaqların həyatları üçün ölümcül təhlükənin davam etdiyi bildirilib.
Hesabata görə, uşaq ölümlərinin əsas səbəbi partlamamış bombalardır. Bu səbəbdən 434 uşaq öz həyatını itirib.
BMT-nin araşdırmasına görə, müharibənin davam etdiyi müddətdə 500 mindən çox insan həlak olduğu halda, 5.6 milyon insan ölkəni tərk edib, 6.6 milyon insan isə ölkə daxilində yer dəyişdirmək məcburiyyətində qalıb.