Yunanıstanın baş naziri Aleksis Tsipras iddia edib ki, türk qırıcılar onu adaya aparan helikopteri çətin vəziyyətə salıb.
Teleqraf.com xəbər verir ki, Yunanıstan baş naziri dünən helikopterə minərək Eşşək adasına (Aqathonisi) uçub.
Onun iddiasına görə, bu zaman onu aparan helikopterə Türkiyə hərbi təyyarələri tərəfindən hücum edilib.
Qeyd edək ki, Tsipras yunanların 1821-ci ilin 25 martında Osmanlıya qarşı ayağa qalxmasının ildönümü səbəbindən keçirilən tədbirdə iştirak üçün adaya gəlib.
Baş naziri bildirib ki, adaya gələrkən, türk hərbi təyyarələri narahatlıq yaradıb: “Yunan qırıcıları türk qırıcılarını kənarlaşdırana qədər onlar bəzi manevrlər etmək məcburiyyətində qaldılar. Bu gün bizim milli bayramımızdır. Türk təyyarələri fikrimcə, tədbirimizə qatılmaq istəyiblər”.
Baş nazir daha sonra sərt mövqeyini ortaya qoyub: “Bilməlidirlər ki, belə qəribə davranışların heç bir mənası yoxdur. Hədəfləri nədir? Yunanıstan baş nazirinin mindiyi helikopteri narahat etməkmi? Boşuna yanacaq işlədirlər. Yunanıstan baş naziri lazım gəlsə, ən ucqar adaya qədər gedəcək”.
Türkiyə rəsmiləri bu fikirlərə reaksiya verməsə də, təhlükəsizlik qaynaqları qeyd ediblər ki, türk qırıcılar heç kimə təzyiq və narahatlıq yaratmayıblar, sadəcə ərazidə xidməti vəzifələrini icra ediblər.