Ermənilərin Qolan təpələri ilə Dağlıq Qarabağ arasında paralellər aparmasının heç bir siyasi əsası yoxdur. İndiki şəraitdə Paşinyan hökuməti ABŞ-ın istədiklərini verə bilməyəcək. ABŞ, bütövlükdə Qərb dünyasında yeni Paşinyan hökuməti ilə bağlı xəyal qırıqlığı mövcuddur. David Babayanların istəkləri gözündə qalacaq, çünki bunun arxasında ciddi geosiyasi hadisə və mühit dayanmır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri “Dağlıq Qarabağ Respublikası prezident aparatının rəhbəri müavini” David Babayanın Qolan təpələri ilə Dağlıq Qarabağ arasında paralel aparmasına münasibət bildirərkən deyib.
Politoloq xatırladıb ki, ermənilər Kosovanın müstəqil beynəlxalq subyekt kimi tanınması məsələsində də qollarını dərhal çırmayıb bunun gələcəkdə qondarma “Dağlıq Qarabağ Respublikası” rejiminə tətbiq olunmasını tələb edirdilər.
Natiq Miri qeyd edib ki, nəticə etibarilə Ermənistan susmağa vadar oldu: “Çünki Kosovanın müstəqil beynəlxalq subyekt kimi tanınması slavyan olan serblərin marağında deyildi. Serbiyanı birmənalı olaraq müdafiə edən Rusiya dövləti olduğu üçün ermənilər boynundan yuxarı tullana bilmədilər”.
Onun fikrincə, Qərb dünyası Ermənistanda inqilab edəndə düşünürdü ki, Ermənistanlı tədricən Rusiyanın təsir dairəsindən çıxara biləcəklər: “Ancaq Paşinyan hakimiyyətə gələndən sonra belə prosesin başlandığı müşahidə olunmadı. Dağlıq Qarabağ prosesində də Paşinyan hökumətinin daha güzəşt xarakterli strateji qərarlar verəcəyinə əmin olan Qərb Paşinyandan bunu da görmədi.
Ona görə də indiki şəraitdə Paşinyan hökumətinin Qərbə beli bağlı deyil. Rəsmi Moskvaya gəlincə, bu gün Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslərdə, xüsusilə də təşkil olunan görüşlərdə hələlik Rusiya moderatorluq rolu oynaya bilmir. Vyanada plalaşdırılan görüşdə də Rusiyanın moderator olmayacaq. Onun moderatorluq etmədiyi görüşdə isə ciddi siyasi nəticələrin olmayacaq”.
Natiq Miri vurğulayıb ki, İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınması ABŞ Prezidenti Donald Trampın əvvəl verdiyi qərarlar kimi beynəlxalq hüquqa ziddir: “Artıq onun addımları dünyanı təəccübləndirmir. Çünki biznesmen Tramp bununla neçənci dəfədir ki, hüquq anlayışını qəbul etmədiyini nümayiş etdirir. Bu da ABŞ-ın nüfuzunu qlobal səviyyədə aşağı salır”.
Politoloq bildirib ki, 1967-ci ildə Qolan təpələri işğal olunub və bu torpaqlar Suriya dövlətinə məxsusdur: “BMT-nin qətnamələrində Suriyanın İsrail tərəfindən işğal olunmuş ərazisi kimi qeyd olunur. BMT-nin bu torpaqların işğal edildiyini təsdiq etməsinə rəğmən ABŞ-ın birtərəfli qaydada onu İsrail torpağı kimi tanıması absurddur. Birləşmiş Ştatlar bütün dünyaya qarşı dayanıb və hüquqa hörmət etmədiyini göstərir. Bu qərar ABŞ adına biabırçı, hüquqi nihilizm kimi dəyərləndirilməlidir”.
Natiq Miri hesab edir ki, bu, Tramp istədi deyə təsadüfən ortaya çıxan geosiyasi qərar deyil: “Qolan təpələrində strateji yöndə bir sıra geosiyasi əhəmiyyətli yeraltı məhsullar, zəngin neft yataqları və su mənbələri var. Bu kontekstdə ABŞ-ın maraqları mövcuddur. Çünki 2013-cü ildə ABŞ ilə İsrailin birgə fəaliyyət göstərən şirkəti konkret olaraq İsrail dövlətinin qeyri-qanuni icazəsi ilə Qolan təpələrində neft kəşfiyyatına başladı. Şirkət Qolan təpələrində zəngin neft yataqlarının tapılması ilə əlaqədar açıqlama da verdi. Çox maraqlıdır ki, bu şirkətin təmsilçiləri içərisində ən zəngin yəhudi ailəsi olan Rotşilt ailəsi, ABŞ-da Trampı müdafiə edən media maqnatları və ona yaxın bir çox şəxslər bu layihədə iştirak edir. Bu faktın özü də göstərir ki, bu məsələ təqdim olunduğu kimi İsrailin müdafiəsi xarakterindən daha böyük anlam daşıyır. Neft və qaz maraqları ilə yanaşı həm də yəhudi lobbisinin, eyni zamanda İsrail dövlətini idarə edən hakimiyyətin Trampla bərabər böyük İsrail layihəsinin tərkib hissəsi kimi Qolan tərəpələrinin tanıma məsələsi ortaya çıxır.Düşünürəm ki, artıq Qüdsün İsrailin paytaxtı kimi tanınması hadisəsindən sonra Fələstindən işğal olunmuş torpaqların tədricən İsrail tərəfindən ilhaq edilməsi prosesinə qədər, ən nəhayət Qolan təpələri İsrailin torpağı kimi tanınma hadisəsi göstərir ki, Fərat çayından Nilə qədər “böyük İsrail” layihəsinin həyata keçirilməsi prosesinə başlanılıb. Bu proses məhz Tramp ABŞ prezidenti kreslosuna əyləşəndən sonra başlayıb. Ona görə də Qolan təpələrinin tanıma hadisəsi böyük İsrail layihəsinin həyata keçirilməsi prosesi kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb.
“Dağlıq Qarabağ Respublikası prezident aparatının rəhbəri müavini” David Babayan isə Qolan təpələri ilə Dağlıq Qarabağ arasında paralel apararaq deyib: “Donald Trampın Qolan təpələrinin təhlükəsizliyi və bölgənin sabitliyinin qorunması baxımından İsrailə aid olması haqqında açıqlaması önəmli hadisədir. Bu Dağlıq Qarabağ konteksində də önəmlidir”.