Türkiyənin Dənizli şəhərində keçiriləcək "Türkvision" musiqi festivalında 22 ölkə iştirak edəcək.
TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, türk dünyasından gələn 22 ölkənin məşhur sənətçiləri öz ölkələrində tanınan mahnılarını bu dəfə türk dilində səsləndirəcəklər. Dənizli Böyük Şəhər Bələdiyyəsi, Dənizli valiliyi və TRT-nin birgə təşkil etdiyi festival 10, 11 və 12 sentyabr tarixlərində şəhər konsertləri ilə başlayır. Festivalın qala-gecəsi isə sentyabrın 13-də "TRT Müzik" kanalında canlı yayımlanacaq.
Sentyabrın 11-də "Açıq hava teatrı"nda çıxış edəcək 11 ölkə sənətçisini İzmir və Ankara radiosu sənətçilərindən Əli Çakar və Zeynəb Cihan da müşayiət edəcəklər. Burada qonaq ölkələr öz dillərində mahnılar ifa edəcəklər.
Sentyabrın 12-də İncilipınar meydanında keçiriləcək konsertdə isə İzmir və Ankara radiosu sənətçilərindən Makbule Kaya və Şehmus Esenkuş iştirakçılarla eyni səhnəni paylaşacaqlar. Eyni zamanda, proqramlarda TRT və Dənizli xalq rəqsləri qrupları da iştirak edəcəklər.
Sentyabrın 13-də isə 22 ölkə sənətçisi Pamukkale Antik Teatrında türk dilində mahnılar ifa edəcək. Gecənin finalında isə Rafet El Roman və Ezo canlı performansla izləyicilərə xoş anlar bəxş edəcəklər. Qala-gecə "TRT Müzik" kanalında canlı yayımlanacaq.