ABŞ Prezidenti Donald Tramp Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevə məktub göndərib.
Teleqraf.com xəbər verir ki, o, Nazarbayevin 30 illik fəaliyyətindən sonra böyük və uğurlu miras qoyduğunu bildirib.
Donald Tramp qeyd edib ki, 2018-ci ildə Nazarbayevin Ağ Evə səfəri ABŞ və Qazaxıstan arasında əməkdaşlığın dərinləşməsində əhəmiyyətli addım olub: “İkitərəfli münasibətlərimizdə böyük nailiyyətə yetişdik, şadam ki, Amerika biznesi Qazaxıstanla iqtisadi əməkdaşlıq üçün daha da geniş sahələrdə imkan tapmağa davam edir.
Qazaxıstan sizin rəhbərliyiniz altında bütün dünyada uğur qazandı. Mən prezident kimi Sizin dəstəyinizi və işinizi yüksək qiymətləndirirəm, hazırda səbirsizliklə prezident Tokayevlə belə sıx münasibətləri gözləyirəm. Sizə gələcək başlanğıclarınızda uğurlar arzu edirəm”.
Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay Tvitter mikrobloqunda məktubun fotosunu yayımlayıb.
Xatırladaq ki, sabiq prezident Nursultan Nazarbayevin martın 19-da istefa verməsindən sonra Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-na təyin olunub.
Namizədlər arasında hazırda prezident vəzifəsini icra edən Qasım Comərd Tokayev də var. Donald Tarmp məktubunda onu gələcək dövlət başçısı kimi təqdim edib.