Düşmən zəifdir, yazıqdır, çarəsizdir deyilməz, amma ABŞ-ın özünün də problemləri var, sosial-iqtisadi böhranla üz-üzədir, güclü deyil. Düşməni gözünüzdə o qədər də böyütməyin.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın ali dini lideri ayətullah Əli Xameneyi dünən Prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani də daxil olmaqla bir çox rəsmilərin iştirak etdiyi iftar zamanı çıxışında deyib.
Onun sözlərinə görə, ABŞ hökumətinin də vəziyyəti gərgindir: “Bir şəxs bu gün bir şey deyir, səhəri başqası onun əksini dilə gətirir. ABŞ bugünkü münasibətini davam etdirdikcə, müzakirə əhəmiyyətsizdir. Mövcud ABŞ hökuməti ilə müzakirə ikiqat əhəmiyyətsizdir.
Həm ABŞ, həm də Avropa Birliyi dövlətlərinin Asiya ölkələrinə qarşı həyata keçirdikləri siyasət özlərinə zərərdir”.
Əli Xameneyi bildirib ki, ABŞ-da ekspertlər bu təzyiqlərin İranda iqtisadi sıçrayışa səbəb olacağına dair hökuməti xəbərdarlıq edir: “Bizim iradəmiz daha güclüdür. İranın seçimi ABŞ-a müqavimətdir. Bu mübarizədə ABŞ geri addım atmaq məcburiyyətində qalacaq. Bu, hərbi mücadilə deyil, çünki savaş olmayacaq”.