Sudanda hərbçilərin çadır düşərgəsinin dağıtması zamanı ölənlərin sayı 100-ə çatıb.
Teleqraf.com xəbər verir ki, xilasedicilər Nil çayından daha 40 cəsəd çıxarılıb. Bununla da ölənlərin sayı 100-ə çatıb.
Qeyd edək ki. iyunun 3-də Sudan ordusu Baş komandanlığın mənzil-qərargahı önündəki çadır düşərgəni dağıdıb. Etirazçılara odlu silahdan atəş açılıb.
Ölkənin güc strukturları Baş komandanlığın mənzil-qərargahı önündə davam edən oturaq etiraz aksiyasının güc tətbiq etməklə dağıdılması barədə məlumatı təkzib edib. Onların sözlərinə görə, paytaxtın mərkəzində aksiyanın keçirildiyi meydana cinayətkar qruplaşmalar soxulduğu üçün ora hərbçilər göndərilib.
Lakin müxalifət Hərbi Şuranın iddialarına inanmayaraq, bu orqana “etimadın itdiyini” bildirib. Ölkənin müxalif “Əl-Ümmə” partiyası “Hərbi Şuranın bundan sonra inqilab iştirakçısı olmadığı” barədə bəyanat yayıb və öz tərəfdarlarını “Azadlıq və dəyişikliklər uğrunda” alyansının elan etdiyi vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb.
Hazırda toqquşmaların baş verdiyi meydan tam bağlanıb, ora gedən yollarda ordu hissələri yerləşdirilib. Minlərlə sudanlı Xartumun və ona bağlı Omdurman şəhərciyinin küçələrinə çıxaraq avtomobil yolları və körpülər üzərində barrikadalar qurub. Hüquq-mühafizə orqanları və etirazçılar arasında yeni toqquşmaların baş verdiyi bildirilir.