Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkəsinin Rusiya ilə əlaqələrinə çox böyük ehtiyac duyduğunu bildirib. O qeyd edib ki, iki ölkəni dünyanın ən uzun quru sərhəd xətti birləşdirir.
Teleqraf.com xəbər verir ki, Tokayev bu fikirləri “Euronews” telekanalına verdiyi müsahibəsində bildirib.
“Mənim prinsipim ona söykənir ki, Rusiya yaxınlığımızda yerləşən böyük dövlət, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkə kimi Qazaxıstan üçün çox vacibdir. Lakin Qazaxıstan olmasa Rusiya üçün də bir qədər fərqli olardı”, – deyə Tokayev prezident kimi ilk xarici səfərini nə üçün Rusiyaya etməsinə dair sualı cavablandırarkən deyib.
O xatırladıb ki, iki ölkəni dünyanın ən uzun quru sərhəd xətti birləşdirir. “Bizim Moskvada çox yaxşı, məzmunlu danışığımız oldu. Birgə bəyannamə imzaladıq. Əlbəttə ki, Rusiya Federasiyasının Prezidenti tərəfindən sizin dediyiniz kimi, münasibətlərə dair hər hansı tələb və sair fikirlər səsləndirilmədi. Çünki bu əməkdaşlığı inkişaf etdirməklə bağlı ümumi anlayış mövcuddur”, – deyə Tokayev Rusiya Prezidenti Vladimir Putinin ondan hər hansı zəmanət və ya öhdəlik tələb edib-etmədiyinə dair suala cavabında vurğulayıb.