ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Trampın iki dəfə veto qoyduğu Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı nəzərdə tutan üçüncü qanun layihəsini səsverməyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, keçirilən səsvermədə qanun layihəsinə 190 nümayəndə “yox”, 237 nümayəndə isə “hə” deyib.
Səsvermədən sonra açıqlama verən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Eliot Engel bəyan edib ki, körfəzdəki ABŞ müttəfiqlərinin Yəməndəki İran tərəfindən dəstəklənən husilərin təhdidi altında olduqlarının fərqindədir, ancaq insan haqlarının pozulmasını da göz ardı etməyəcəklər: “Körfəzdəki əməkdaşlığımız müttəfiqlərimiz tərəfindən istənilən mülki qətliamlara göz yumacağımız anlamına gəlmir. Başımızı çevirmək Prezident Trampın Konqres üzvlərinə güc göstərişinə imkan verəcəyimiz mənasını daşımır. Əgər Tramp iqtidarı dəyərlər adına ayağa durmursa, Konqres durmalıdır”.
Dörd respublikaçı konqresmenin də dəstək verdiyi üçüncü qanun layihəsi iki dəfə veto səlahiyyətindən istifadə edən Prezident Trampa göndəriləcək.