30 İyul 2019 09:01
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Çernobıl şəhərində yerləşən Atom Elektrik Stansiyasında (AES) baş verən qəzadan sonra bölgənin flora və faunasında canlanma müşahidə olunur.

Çernobıl AES 1972-ci ildə qurulub. Qəza isə 1986-cı il aprelin 26-da AES-in dördüncü reaktoruna baxış zamanı baş verib.

Teleqraf.com xəbər verir ki, bu günədək aparılan elmi araşdırmalarda qəza vaxtı və sonra radiasiyaya məruz qalan azyaşlı uşaq və körpələr arasında tiroit xərçənginin geniş yayılması halı təsbit olunub. Bura talessemiya, digər xərçəng növləri, anormal doğuşlar, anadangəlmə anomaliyalar və Çernobıl qəzası ilə əlaqələndiriləcək digər xəstəliklər daxildir.

Partlayış ən çox bölgədə yaşyan insanlara təsir edib, habelə Ukrayna ətrafında yaşayan ölkələr də bu qəzanın mənfi təsirlərinə məruz qalıb.

Bu, əsasən, həmin ölkələrdə ekologiyanın və qida məhsullarının zəhərlənməyə məruz qalması, müxtəlif xəstəliklərin yayılması və kənd təsərrüfatına yararlı torpaqların sıradan çıxması formasında özünü göstərib.

Bu günki Çernobılda vəhşi həyat

Qəzanın ekologiya üzərindəki təsiri önəmli idi. Radiasiyanın ən ağır zərər verdiyi ərazilərdən biri “Qızıl meşə” adlanan şam ağacı meşəsi idi.

Bu ərazi ən yüksək dozada radiasiyaya məruz qalmışdı, hadisə vaxtı şam ağacları qısa vaxtda qurumuş, yarpaqlar qırmızıya çevrilmişdi. Sadəcə bir neçə heyvan bu yüksək radiasiyadan xilas olaraq sağ qalmışdı. Bu səbəbdən meşədə vəhşi həyatın davam etdiyi açıqlanmışdı. Lakin bəzi radioaktiv maddələrin atmosferdə qalmasına görə min illər bu ərazidə həyatın bərpa olunması prosesinin ləng gedəcəyi proqnozlaşdırılmışdı.

Qəzadan 33 il sonra – bu gün isə Ukrayna və Belarusun bir hissəsini əhatə edən və dünyadan təcrid olunmuş Çernobıl yenidən boz ayılar, bizonlar, canavarlar, vaşaqlar, Przevalski atları və 200-dən çox quş növünə qucaq aşmağa başlayıb.

Elmi araşdırmalar davam edir

Çernobılla bağlı araşdırma aparan elm adamları İngiltərənin Portsmut şəhərində bir araya gəlib.

İngiltərə, İrlandiya, Fransa, Belçika, Norveç, İspaniya və Ukraynadan təxminən 30 elm adamının təmsil olunduğu araşdırma qrupu son hesabatı yayımlayıb. Bu araşdırmalar böyük məməlilər, yerli quş növləri, qurbağalar, yabanı arılar, soxulcanlar, bakteriyalar və yarpaqları əhatə edir.

Araşdırmaya görə, qəzadan 33 il sonra bölgənin flora və faunasında növ müxtəlifliyi artmağa başlayıb.

Habelə elm adamları radiasiya həcminin Çernobılda yaşayan heyvan və bitki populyasiyası üzərindəki təsirlərinin ümumi olmadığını təsbit edib.

Araşdırma bölgədə sabit populyasiyanın davam etdiyini üzə çıxarıb. İngilis alim Nik Beresford tərəfindən icra olunan TREE proyekti çərçivəsində Çernobıla kameralar yerləşdirilib. Bu kameralar tərəfindən qeydə alınan fotolarda bütün radiasiya səviyyələrində faunanın zəngin müxtəlifliyi ortaya qoyulub.

Kameralar bölgənin Ukrayna tərəfində boz ayı, Avropa bizonu, canavar və Przevalski atlarının sayında artım müşahidə edib.

Radiasiyaya qarşı müqavimət

Təcrid bölgəsində radiasiya həcminin yüksək, atmosferin daha çirkli olduğu ərazilərdə isə amfibiyaların (suda-quruda yaşayanlar) sürətlə çoxaldığı bəlli olub. Habelə radiasiyaya adaptiv reaksiya əlamətləri təsbit edilib. Məsələn, təcrid olunmuş bölgələrdə yaşayan qurbağalar bundan kənarda yaşayan qurbağalardan daha tünd rəngdədir. Bu da radiasiya qarşı müdafiə refleksi kimi qəbul olunur.

Əlavə olaraq, radiasiya fərdi həyat sürən canlılara da təsir edib. Məsələn, bəzi böcəklərin ömürləri daha da qısalıb, bunlar radiasiyanın yüksək olduğu bölgələrdəki parazitlərdən daha çox təsirə məruz qalıb.

Eyni zamanda, bəzi quş növlərinin radiasiya həcminin yüksək olduğu ərazilərdə fizioloji və genetik dəyişikliyə məruz qaldığı məlum olub. Lakin bu, Çernobıldakı vəhşi həyat populyasiyasının inkişafına mənfi təsir etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər