“Savaş istəmirik, ancaq Hindistan təhrikedici addımlar atsa, buna ən uyğun cavabı verəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan deyib.
Hökumət başçısı Kəşmir bölgəsinin statusu ilə bağlı Hindistanla Pakistan arasında yaşanan son gərginliyə dair açıqlama verib.
Kəşmirdə Hindistanın işğalçılıq siyasətinin davam etdiyini bildirən İmran Xan qarşı tərəfin anlaşmaq istəmədiyini vurğulayıb.
Hindistan Baş naziri Narendra Modi ilə sülh variantını müzakirə etdiyini deyən Pakistan başçısı bu səylərinin nəticə vermədiyini və bunun savaşa yol aça biləcəyini istisna etməyib.
Pakistanın bu savaşı mütləq qazanmalı olduğuna diqqət çəkən İmran Xan qeyd edib ki, Hindistanın diqqətini Kəşmirdən yayındırmaq üçün bütün mümkün vasitələrə əl atacaq.
Əlavə edək ki, Hindistan münaqişəli Kəşmir bölgəsinin statusunu ləğv edən qərar qəbul edib. Bunu işğalçılıq kimi qiymətləndirən rəsmi İslamabad Dehliyə etiraz edib.