16 Avqust 2019 17:36
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrenlandiya hökuməti ABŞ Prezidenti Donald Trampın bu adanı satın almaq yönündə yayılan məlumatlara cavab verib.

Teleqraf.com xəbər verir ki, “Röyters” agentliyinə açıqlama verən Qrenlandiya xarici işlər naziri Anna Lon Bagger adanın satılmadığını bildirib.

Bununla belə, nazir ABŞ-la işbirliyinə hazır olduqlarını deyib: “İnvestisiyaya, iş görməyə hazırıq, amma biz satılmırıq”.

Atlantik okeanının şimalında yerləşən Qrenlandiya Danimarkaya bağlı muxtar bölgədir.

Donald Trampın gələn ay Danimarkaya səfər etməsi, bu ölkə və Qrenlandiyanın baş nazirləri ilə görüşü çərçivəsində Şimal qütb bölgəsinin statusunu müzakirə edəcəyi gözlənilir.

Danimarka isə bu istəyinə görə Donald Trampa etiraz edib. Ölkənin sabiq baş naziri Lars Lok Rasmussen Tvitter hesabında “1 aprel zarafatı olmalıdır, amma indi vaxtı deyil”, qeydini paylaşıb.

Danimarka Baş naziri Mette Frederikson və xarici işlər naziri Yeppe Kofod hələlik buna münasibət bildirməyib.

Əlavə edək ki, ABŞ-ın mərhum prezidenti Harri Trümen 1946-cı ildə 2.1 milyon kvadrat kilometric ərazisi ilə dünyanın ən böyük adası olan, ərazisinin 81 faizinin buzlaq olan Qrenlandiyanı 100 milyon dollar satın almaq istəsə də, Danimarka bu təklifi rədd etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu