Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal sabiq prezident Abdullah Gül və keçmiş baş nazir Əhməd Davudoğlunun terrorla əlaqəli olan bələdiyyə sədrlərinin vəzifədən uzaqlaşdırılmasına dair açıqlamasına sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, o, hər iki şəxsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla düşmənlik etdiyini deyib.
Onun sözlərinə görə, Türkiyənin uzun müddətdir iqtisadiyyat, daxili və xarici təhlükəsizliyini təmin etmək üçün 4 ayrı terror təşkilatı ilə apardığı mübarizəni görməzdən gəlmək, Suriyanın şimalında Şərqi Aralıq dənizindəki təşkilatlanmanı heçə saymaq mümkünsüzdür.
Mahir Ünal qeyd edib ki, bütün bunların komponenti olan 15 iyul çevrilişindən sonra ölüm və qalım mübarizəsi gedir: “Bu mübarizənin simvoluna çevrilən ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan düşmənçiliyinə təəssüf ki, uzun zamandır qarnından danışan Abdullah Gül və Əhməd Davudoğlu da qoşuldu”.
Gəzi hadisələri zamanı Abdullah Gülün “Demokratiya seçki qutusundan ibarət deyil” fikirlərini xatırladan Mahir Ünal sabiq prezidentin indi “seçki ilə gələn seçki ilə gedər” sözlərinin ziddiyyət təşkil etdiyini söyləyib: “Bu ölkədə PKK və onun himayəsindəkilərin həqiqi üzünü ən yaxşı kürd vətəndaşlarımız bilir. Terrora dəstək verərək millətin könlünü qazanmaq olmaz. Siz PKK-nın yox, xalqımızın dəstəyinə talib olun”.