Sudanın keçid Hərbi Şurası yaxın vaxtlarda buraxılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Hərbi Şuranın rəsmi nümayəndəsi Şəmsəddin Kabbaşı məlumat verib.
O deyib: “Biz artıq “Azadlıq və dəyişikliklər” müxalifət alyansının idarəçi Suveren Şuraya daxil olacaq namizədlərinin siyahısını almışıq və bir müddətdən sonra keçid Hərbi Şurası buraxılacaq”.
Xatırladaq ki, bu gün Sudanın əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı keçid dövründə ölkənin ali hakimiyyət orqanı olacaq idarəçi Suveren Şuraya öz namizədlərinin siyahısını təsdiq edib. Siyahıda Ayşə Musa, Siddik Tauer, Məhəmməd əl-Faki, Məhəmməd Həsən əl-Tayyuş və Həsən Şeyx İdrisin adları yer alıb.
İdarəçi Suveren Şuranın yaradılması keçid Həbi Şurası və müxalifət arasında imzalanmış Konstitusiya deklarasiyasının əsas müddəalarından biridir. Şuraya 11 nəfər - 5 nəfər Hərbi Şuradan, 5 nəfər “Azadlıq və dəyişikliklər” müxalifət alyansından və 1 nəfər hər iki tərəfin razılığı əsasında daxil olacaq. Şura ölkəni keçid dövründə üç il müddətində idarə edəcək. 18 ay müddətində Suveren Şuraya Hərbi Şuranın başçısı Əbdül Fəttah əl-Burxan rəhbərlik edəcək. Daha sonra idarəetmə funksiyaları mülki təmsilçiyə həvalə olunacaq.