Rusiya ilə Ukrayna arasında məhbus və məhkumların mübadiləsi baş tutub.
Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova “RİA Novosti”yə açıqlamasında mübadilə zamanı hər iki tərəfin biri-birinə 35 nəfəri qaytardığını bildirib. Bununla belə qaytarılanların tam siyahısı hələlik açıqlanmayıb.
Ancaq “RİA Novosti Ukrayna” portalının rəhbəri Kirill Vışinskinin Rusiyaya qaytarıldığı məlum olub. “Ukrainskaya Pravda” qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, Rusiya Ukraynanın 2014-cü ildə Malayziyaya məxus “Boeing” təyyarəsinin vurulmasında iştirak edən Vladimir Tsemaxı da təhvil alıb.
Borispol hava limanında sərbəst buraxılan ukraynalıları Ukrayna Prezidenti Vladimir Zelenski qarşılayıb. O, jurnalistlərə bildirib ki, bu gün, sentyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.
V.Zelenski baş tutan mübadiləni Donbasdakı qarşıdurmaya son qoymağın ilk mərhələsi adlandırıb.
Rusiyanın isə 2018-ci ilin noyabr ayında Kerç boğazında Rusiya sərhədçiləri tərəfindən tutulan 24 dənizçini Ukraynaya təhvil verəcəyi gözlənilir. Dənizçilərin vəkillərindən biri onların Ali Radanın insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisovanın şəxsi zəmanəti ilə sərbəst buraxıldığını söyləyib.
Bundan əlavə V.Putin mübadilədə iştirak edən 11 ukraynalını əfv edib.