Rusiya tarixinin ən böyük kruiz (müəyyən edilmiş marşrut üzrə dəniz turizmi gəmisi) gəmisi Vladivostok sahilinə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin dəniz vağzalının nümayəndəsi bildirib. Bununla da “Spectrum of the Seas” – ən böyük kruiz layneri Rusiya limanlarına daxil olmuş olub.
“Bu, “Royal Caribbean” donanmasında ən yeni kruiz gəmisidir. Layner Vladivostoka Çin və ABŞ-dan 4,7 min sərnişinlə və təxminən 200 rusiyalı sərnişinlə daxil olub. Kruiz gəmisi sentyabrın 6-da Şanxaydan səfərə başlayıb”, – deyə “RİA Novosti”nin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, təxminən 200 rus turist Vladivostokdan Yaponiya sahillərinə – Maydzuru və Fukuoka gedəcək və sentyabrın 14-də Şanxayda kruizi tamamlayacaq.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Vladivostok limanı 2018-2019-cu illərdə zolaqlarda qazma işləri aparıldığı üçün bu ölçülü bir gəmini qəbul edə bilib.
“Spectrum of the Seas” 5 minədək sərnişin və 1500 komanda üzvünü qəbul edir. Gəminin uzunluğu 347 metr, eni 41 metr, tonnajı 168,8 min tondur. Laynerin göyərtəsində qonaqları 90 metr yüksəklikdən okeana baxmasını təmin edən şüşə kapsul yerləşir.