Sentyabrın 6-da vəfat edən Zimbabvenin keçmiş diktatoru Robert Muqabe gələn həftənin əvvəlində doğulduğu Kutama kəndində dəfn ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Frans Press”ə diktatorun qardaşı oğlu Leo bildirib.
“Bazar günü axşam onun cəsədi vidalaşmaq üçün Kutamaya gətiriləcək. Bazar ertəsi, yaxud çərşənbə axşamı günü məhdud çərçivədə dəfn mərasimi olacaq. Dəfn Akra Milli Qəhrəmanlar Məzarlığında olmayacaq. Bu, bütün ailənin qərarıdır”, – deyib.
Muqabe sentyabrın 6-da 95 yaşında Sinqapurdakı xəstəxanaların birində həyat yoldaşı Qreys də daxil olmaqla yaxınlarının əhatəsində vəfat edib. O, 2017-ci ildə istefa verənədək ən uzun müddətə vəzifədə olan dövlət başçısı idi və 35 il ərzində ölkəsini idarə edib. Zimbabvenin hazırkı prezidenti Emmerson Mnanqaqva R.Muqabenin milli qəhrəman elan edildiyini söyləyib.