Tvitter sosial şəbəkəsi Kuba Kommunist Partiyasının lideri Raul Kastro, qızı Mariela Kastro və dövlət nəzarətindəki media qurumlarının hesabını dondurub.
Teleqraf.com xəbər verir ki, Kuba dövlət mediasında çalışan onlarla jurnalistin hesablarının əngəlləndiyi də bəyan olunub.
Tvitter sosial şəbəkəsinin sözçüsü bildirib ki, belə bir qərarın qəbul edilməsi təsadüfi deyil: “Biz birdən çox hesab açıb manipulyasiya etməyin qarşısını alan siyasətə üstünlük veririk”.
Tvitter bu addımı Kuba dövlət başçısı Migel Dias Kanelin xalqa müraciəti zamanı ABŞ-ın sanksiyaları səbəbindən ölkəsində enerji böhranı yarana biləcəyi barədə xəbərdarlığından sonra atıb.
Dövlət başçısı Tvitterin Kuba hesablarını bağlamasına münasibət bildirərkən deyib ki, bu, geniş səpgili kiber müharibədir: “Açıq formada Kuba qurumlarının və vətəndaşlarının azadlığını çərçivəyə salmaq və inqilabın liderini susdurmaq istəyirlər”.