25 Sentyabr 2019 16:40
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezidenti Doanld Tramp BMT tribunasından bir daha qloballaşmaya qarşı olduğunu açıq bəyan edib. O bu dəfə qloballaşma ilə milli inkişaf strategiyası yanaşması arasında tarazlıq yaratmağa çalışıb. Trampın bu açıqlaması onun komandasının dünyada qlobal proseslərə baxışları barədə bir daha fikirləri yəqinləşdirməyə imkan yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

Ekspertin fikrincə, Vaşinqton elitasının ən azı bir hissəsi indiki formada qloballaşmanı ABŞ-a təhdid kimi qiymətləndirir:

“ABŞ-da elitanın bir hissəsi hesab edir ki, İkinci Dünya Müharibəsindən sonra məhz Amerikanın rəhbərliyi ilə irəli aparılan qloballaşma daha çox Vaşinqtonun rəqiblərinə imkanlar açır. Qloballaşmadan daha çox rəqib ölkələr faydalanır.

İkinci Dünya Müharibəsindən sonra başlayan qloballaşma çox böyük dəyişikliklər gətirdi. Dünya əhalisinin 10%-i başqa ölkələrə köçdü. 60 milyon insan Avropadan Şimali Amerika və digər ölkələrə miqrasiya etdi. Çin, Hindistandan milyonlarla insan Şri-Lanka, Birma, Tailand, Fillipin və Vyetnama köçdü. İxracdan əldə olunan gəlirlər ümumi gəlirlərin 80%-ni təşkil etdi. Amma qlobllaşma dünyada rəqabəti də gücləndirirdi, müstəmləkəçilik, qeyri-bərabərlik görünməmiş həddə çatdı, Hindistan, Çin, Meksika, Yaponiya, Türkiyə kimi ölkələr inkişafdan geri qalırdı, onların tərəqqisi irəlidə olan dövlətlər tərəfindən tormozlanırdı. Xüsusən Britaniya, Almaniya, Fransa arasında çox böyük rəqabət və ziddiyyətlər vüsət almışdı. Bütün bunlar nəhayət, Birinci Dünya və onun məntiqi davamı kimi İkinci Dünya Müharibəsiylə nəticələndi. SSRİ-nin süqutu qloballaşmanı daha da genişləndirdi və hazırda qloballaşmanın yeni dalğası – rəqəmsal inqilab dövrü strat götürüb”.

Zaur İbrahimli hesab edir ki, bir çox obyektiv səbəblərdən yeni dövrdə rəqəmsal inqilab indiyə qədər ikinci rolda olan ölkələr üçün yeni imkanlar açır:

“ Qloballaşma prosesində müşahidə olunan digər tendensiyalar Çin, Hindistan kimi ölkələrə yeni imkanlar yaradır. Yaxud qloballaşma artıq onun əsasını qoyan ölkələrdən çox digər dövlətlərə fayda verir. Qlobal iqtisadiyyatda transmilli kampaniyaların rolunun artması, kapital və texnologiyaların artıq obrazlı ifadə etsək milli kimliyə o qədər də fərq qoymaması, iqtisadi proseslərin ölkələri bir-birinə sıx pərçimləməsi milli suverenliyə təhdidlər yaradıb və ABŞ-ı neoimperiya kimi manver azadlığından məhrum edib. ABŞ-ın əvvəlki illərdən fərqli olaraq sərbəst qərarlar vermək imkanları məhdudlaşıb. Bu qərarlara o qədər çox amil təsir etməyə başlayıb ki, Vaşinqton xeyli dərəcədə “müstəqilliyini” itirib.

Bu baxımdan Trampın BMT tribunasından söylədiyi sözlər əslində bu fikirləri əks etdirir. ABŞ-da elitanın bir hissəsi tarixin, Roma və Britaniya imperiyasının aqibətinin təkrarlanmasından ehtiyatlanır. Buna görə hazırda əsas vəzifə kimi qloballaşma prosesinin ABŞ-ın maraqlarını nəzərə alaraq, formatlanması nəzərdən keçirilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər