Türk deputat (AKP) Şirin Ünalın evində şübhəli şəkildə intihar edən Özbəkistan vətəndaşı, 23 yaşlı Nadirə Qədirovanın ölümü ilə bağlı yeni iddia ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Nadirənin rəfiqəsi Leyla Niyazova intiharından əvvəl olunla danışdığını açıqlayıb.
Niyazova rəfiqəsi haqda bunları deyib:
“İntihardan bir gün əvvəl mənə zəng etdi, ağlayırdı. “Leyla, mən çox yoruldum, hər şeydən bezmişəm”, dedi. Nə olduğunu soruşanda, “Danışa bilmirəm” deyib ağladı. Dedi ki, özünü öldürmək istəyir. Sentyabrın 17-də yanıma gələcəkdi, amma işlədiyi evin sahibinin qızı icazə verməyib.
Təkidlə nə olduğunu soruşdum. Dedi ki, “iki həftə əvvəl ev sahibi (Şirin Ünal) yatdığım otağa girdi, qapını bağlayıb yanımda uzandı, mənə sarıldı”. Təcavüz edib-etmədiyimi soruşanda “yox” dedi, amma onu da dedi ki, “xəyallarım alt-üs oldu, qardaşımın üzünə necə baxacağam”.
Leyla Niyazova Nadirə Qədirovanın deputatın tapançasını ələ keçirərək otağında saxladığını bildirib:
“Mənə dedi ki, ev sahibinin tapançasını ələ keçirib, ayaqqabının içində bir güllə saxlayır. Elə bildim zarafat edir, bunu edəcəyini düşünmürdüm. Özünü öldürdüyü gün kursa başlayacaqdı”.
Bir neçə gün əvvəl deputat Şirin Ünsalın evində intihar edən Nadirə Qədirova dünən Özbəkistanda dəfn olunub.
Olayla əlaqədar Türkiyə Baş Prokurorluğunda cinayət işinin açıldığı bildirilsə də, Nadirənin rəfiqəsi Nigar Əbdürrəhmanova intiharın ört-basdır edildiyini iddia edib.