“Rusiyanın Ermənistandakı hərbi bazasının fəaliyyətinə rəsmi İrəvanın nəzarət etmək və onu izləmək mexanizmi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Ermənistan ofisinin rəhbəri Artur Sakunts deyib.
Sakunts Moskvanın hərbi bazaya nəzarət üçün İrəvana imkan vermədiyini və bununla Ermənistanda insan haqlarını kobud formada pozduğunu vurğulayıb: ”Sabit bir mexanizm yoxdur, bəlkə də bəzi razılaşmalar var, amma hər halda, bu nəzarət mexanizmləri Ermənistan vətəndaşları üçün aydın deyil”.
Ofis rəhbərinin məsələ ilə əlaqədar hazırladığı hesabatda iki ölkə arasında imzalanmış sənədlər, bazanın hərbi personalı ilə əlaqəli məsələlər yer alıb.
1992-ci ildən bəri Ermənistan və Rusiya arasında 20 müqavilənin imzalandığını bildirən Sakunts rus hərbi bazasının ölkəsindəki fəsadlarından danışıb: “Bu, insan haqlarının pozulması baxımından bölgə üçün olduqca ciddi problem halına gəlib. Bununla əlaqədar Avropa Məhkəməsinin məlum qərarları var. Rusiya Federasiyası faktiki olaraq bu bölgəni idarə edən, eyni zamanda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan birlik olaraq tanınıb”.
Sakunts Rusiya hərbi bazası ətrafında baş verən cinayət xarakterli hadisələrin gizlədilməsi faktına da diqqət çəkib.