Rusiya Suriyada PKK/YPG ilə təmasları canlandırıb. Moskva təmsilçiləri ilk dəfə PKK ilə rəsmi görüş keçirib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzeti yerli mənbələrə istinadla belə bir məlumat yayıb.
Məlumata görə, bir general və iki Rusiya XİN nümayəndəsindən ibarət heyət Əyn-əl-Ərəbdə PKK muxtar idarəsinin həmsədri ilə bir araya gəlib. Bir müddət öncə Əyn-İsada ABŞ-ın çəkildiyi hərbi bazaya yerləşən Rusiyanın Türkiyə sərhədində atdığı bu yeni addım diqqəti bu bölgəyə cəlb edir.
Bəzi bilgilərə görə, ruslar PKK-ya bölgəni türk hücumlarından qoruyacaqlarına təminat veriblər. PKK/YPG, Əsəd rejimi və rus hərbçilərinin birgə olduğu Əyn-əl-Ərəbdə Rusiya heyəti PKK-ya dəstək vədində də bulunduğu söylənilir.
Görüşdən sonra açıqlama ilə çıxış edən Fərat bölgəsi idarə şurasının həmsədri PKK-çı Ənvər Müslüm muxtar idarəetmə qurumlarına səhiyyə, təhsil və təhlükəsizlik mövzusunda dəstəyin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın ilk dəfə gerçəkləşdirdiyi təmaslar Rusiya-PKK əlaqələrinin inkişafı baxımından önəmli hadisədir.
Ənvər Müslüm Türkiyə Silahlı Qüvvələrinin yeni bir müdaxiləsinə imkan verilməyəcəyi barədə ruslardan təminat aldıqlarını vurğulayıb.
Bu arada Rasulaynın cənub-şərqində toqquşmaların baş verdiyi Tel-Tempdə rus və türk hərbçiləri görüşüb. Türk tərəfi ruslara PKK ilə görüşlərlə bağlı narahatlığını çatdırıb.