30 Noyabr 2019 09:05
2 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən böyük nüvə dövlətlərinin Rusiya və Amerika olduğu hesab edilir. Çinin aparıcı KİV-lərindən olan Sohu.com saytı isə ABŞ-ın maneələrinə baxmayaraq gizli şəkildə nüvə materialı toplaya bilən başqa bir ölkəyə diqqət yönəldir. Sayt qeyd edir ki, həmin ölkə zəruri hallarda ən azı 6000 atom bombası hazırlaya bilər.

Teleqraf.com xəbər verir ki, yazıda deyilir:

“Çin yaxınlığında bir nüvə dövləti gizlənib və bu, ümumiyyətlə nə Rusiya, nə də ABŞ-dır. Söhbət uzun müddətdir diqqəti cəlb etməyən Yaponiyadan gedir. Bəzi mənbələrə görə, dinc məqsədlərlə atom elektrik stansiyasını inkişaf etdirmək bəhanəsilə Yaponiya praktik olaraq hamıdan gizlədərək çoxlu miqdarda nüvə yanacağı əldə edə bilib. Hazırda Yaponiyada 6000 nüvə bombası istehsal etmək üçün kifayət qədər nüvə yanacağı var. O, açıq-aşkar hansısa planı özündə daşıyır. Hərbi işlərlə maraqlanan hər kəs bəyan edir ki, Yaponiya əsl nüvə gücüdür və qonşu ölkələr də ayıq olmalıdırlar".

Yazıda bildirilir ki, Yaponiyanın tarixi yaxşı məlumdur. O, II Dünya Müharibəsinin sonunda ABŞ tərəfindən atom bombardımanına məruz qaldı:

“Məğlubiyyətə görə Yaponiyaya hücum silahları və nüvə silahı kimi silahlar istehsal etmək qadağan olunub. Yalnız özünümüdafiə xarakterli silahlarının olmasına icazə verilib. Yaponiyada bu sahənin inkişafı bir neçə onilliklər ərzində ABŞ tərəfindən məhdudlaşdırılsa da, bu nəzarət yalnız formal olaraq mövcuddur. Yaponlar öz niyyət və duyğularını gizli saxlayan, necə deyərlər dili qarnında olan bir xalqdır, hətta ABŞ onların fərqinə vara bilmir. Yaponiya ABŞ-ın dəstəyindən yararlandı və dərhal iqtisadi gücə çevrildi. O, beynəlxalq hüquq sahəsində iddialıdır və beynəlxalq aləmdə daha fəal rol oynamaq və hətta BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün olmasına etiraz etmək istəyir”.

Bildirilir ki, bu, Yaponiyanın müasir hərbi inkişafında da öz əksini tapır:

“Hərbi gücü özünümüdafiəni nəzərdə tutsa da, döyüş hazırlığı baxımından Yaponiya dünyanın ilk onluğuna daxildir, onun texnoloji səviyyəsini qiymətləndirməmək olmaz. İkinci Dünya Müharibəsi illərində Yaponiya bir sıra aviadaşıyıcılar qurdu, bu cür silahların istehsalı üçün indi daha üstün texnologiyaya sahibdir. Son illərdə Yaponiya “İdzumo” tipli vertolyot daşıyıcılarını inkişaf etdirir. Onların imkanları bəzi ölkələrdəki yüngül tipli vertolyot daşıyıcılarından daha böyükdür”.

Qeyd olunur ki, Yaponiyaya nüvə silahının istehsalına icazə verilməsə də, o, dünyanın ən qabaqcıl nüvə elektrik stansiyalarını tikib və elektrik enerjisi istehsal etmək üçün nüvə enerjisindən istifadə edir:

“Yaponiyanın nüvə silahı istehsal etməməsinə baxmayaraq, nüvə texnologiyasından istifadə sahəsində dünyada lider mövqe tutur. İllər keçdikcə Yaponiya kifayət qədər nüvə materialı toplayıb, buna görə də onun ambisiyalarının qiymətləndirməmək mümkün deyil. Əgər müharibə başlayarsa, Yaponiya malik olduğu nüvə materialından istifadə edərək tez bir zamanda nüvə silahı əldə edə biləcək. Təxmini hesablamalara görə, o, ən azı 6000 atom bombası hazırlamağı bacaracaq. Bu rəqəm böyük bir ölkəni məhv etmək üçün kifayətdir. Bir neçə il ərzində Yaponiya bu faktı gizlədə bilib və ABŞ da daxil olmaqla bir çox ölkə üçün naməlum qalıb”.


Müəllif: Səxavət