NATO Baş katibi Yens Stoltenberqin Rusiyanın “İsgəndər” komplekslərini yerləşdirməsinə alyansın ilin sonuna qədər cavab verəcəyinə dair bəyanatına Rusiyadan cavab gecikməyib.
Teleqraf.com xəbər verir ki, Rusiya Quru Qoşunlarında Hava Hücumundan Müdafiə Qüvvələri komandanının sabiq müavini, istefada olan general-leytenant Aleksandr Luzan ABŞ-ın “Patriot” sistemlərinin zəif təsirə malik olduğunu söyləyib.
Onun sözlərinə görə, NATO-nun istifadə etdiyi mövcud hava və raketdən müdafiə sistemləri “İsgəndər” komplekslərinə qarşı müqavimət göstərmək gücündə deyillər: “ABŞ-ın “Patriot”ları belə zəif təsirə malikdir. ABŞ-ın buna müqavimət göstərə bilməyəcəyi İran tərəfindən İraqdakı ABŞ bazalarına edilən hücum zamanı bir daha aydın oldu. İranlılar 14 raket atdı, bunlardan 10-u hədəfi vurdu, 4-ü ya məhv edildi, ya da texniki nasazlıq ucbatından hədəfə çata bilmədi”.
Aleksandr Luzan qeyd edib ki, hazırda Avropada yalnız Fransa və İngiltərə raketdən müdafiə komplekslərini inkişaf etdirə bilib: “Fransa və Almaniya bu sahədə ortaq çalışsalar da, bütün bu komplekslər yaxınmənzillidir və ballistik raketlərlə mübarizə edəcək gücə malik deyil”.