Sabah Berlində növbəti Liviya konfransı keçiriləcək. Məlum olduğu kimi, Moskvada Türkiyə və Rusiyanın vasitəçiliyi ilə cəhdlər nəticə vermədi.
Teleqraf.com-un məlumatına görə, Liviyada sülhün əldə edilməsi üçün növbəti cəhd Berlində baş tutacaq.
Almaniya xarici işlər naziri Heiko Maas Benqaziyə gedərək qiyamçı general Haftarla 3 saaatlıq görüş keçirib. Maas generalın Berlin konfransına qatılacağını elan edib.
Qəribədir ki, Berlin konfransından əvvəl Haftar xüsusi təyyarə ilə Afinaya gedib. Afinada Haftar baş nazir Kiryakos Miçotakis və xarici işlər naziri Nikos Dendiasla müzakirələr aparıb.
Yunanıstan baş naziri Kiryakos Miçotakis konfransda Ankara ilə Tripoli hökuməti arasında imzalanan anlaşmanın ləğv edilməməsi halında Berlin konfransında əldə olunan sülh mexanizminə veto qoyacaq.
Yunan baş nazir bu tələbini Almaniya Kansleri Merkelədə çatıdırıb.
Yunan mediasının yazdığına görə, telefon danışığı zamanı Merkel rəsmi Afinaya bildirib ki, konfransda Liviya ilə Türkiyə arasında imzalanan saziş müzakirəyə çıxarılmayacaq, sadəcə atəşkəsin yolları axtarılacaq.
Qeyd edək ki, Berlindəki konfransa Türkiyə, Rusiya, İngiltərə, Fransa, Çin, BƏƏ, İtaliya, Misir, Afrika Birliyi, Ərəb Birliyi, Avropa Birliyi dəvət edilib.
Atəşkəs qiyamçı general Xəlifə Haftarla legitim milli barış hökuməti arasında əldə olunmalıdır.