Şimali Koreya tərəfindən ABŞ-a verilən 1 il vaxt başa çatdı, Vaşinqton rəhbərliyi bizi görməməzliyə vurur. İki ölkə arasında başlanan nüvə danışıqlarını davam etdirməyəcəyik, yeni sınaqları həyata keçirəcəyik.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın BMT-dəki nümayəndəliyinin müşaviri Ju Yonq Col bəyan edib.
Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya qarşı çox ağır və qeyri-insani sanksiyalar tətbiq edib: “ABŞ-la etimadı bərpa etmək üçün təxminən iki il nüvə sınaqları həyata keçirmədik və qitələrarası ballistik raketlər göndərmədik. Bununla birlikdə ABŞ Cənubi Koreyada onlarla hərbi təlim keçirdi və sanksiyalar tətbiq edərək yarımadanı böldü”.
Ju Yonq Col ABŞ-ın Şimali Koreyanın inkişafının qarşısını almaq məqsədindən hələ də əl çəkmədiyini bildirib: “ABŞ Şimali Koreyaya qarşı bu düşməncə siyasətində israr edərsə, Koreya yarımadasında nüvə silahından təmizlənmə əsla olmayacaq. ABŞ birtərəfli tələbləri irəli sürməyə çalışarsa və bu məsələdə inadkar olarsa, Şimali Koreya yeni bir yol izləmək məcburiyyətində qala bilər”.