Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın Suriyanın İdlib vilayətində davam edən Rusiya və Bəşər Əsəd qüvvələrinin əməliyyatlarını pisləməsi və Moskvanı buna görə sərt tənqid etməsindən 24 saat keçməmiş Rusiya aviasiyası İdlibin Ariha qəsəbəsində xəstəxanaya zərbə endirib.
Teleqraf.com xatırladır ki, Türkiyə dövlət başçısı Rusiyanın Astana və Soçidə əldə edilən razılaşmaya sadiq qalmadığını qeyd etmişdi.
Ərdoğan əlavə etmişdi ki, ruslarla görüş zamanı türk rəsmiləri açıq mesaj verib. Bildirib ki, İdlibdəki bombardmanları dayandırın, dayandırmadığınız təqdirdə bizim səbrimiz tükənir və bundan sonra nə lazımdırsa, bizdə onu edəcəyik.
Ancaq Ərdoğanın Rusiyaya bu xəbərdarlığı etməsinin üzərindən qısa müddət sonra Suriyadakı Rusiya Hərbi Hava Qüvvələri Ariha qəsəbəsindəki xəstəxananı vurub.
İngiltərədə mərkəzləşən Suriya İnsan Haqları Təşkilatı elan edib ki, hücum zaman 10 nəfər öldürülüb.
Qeyd edilir ki, Rusiya hərbi aviasiyası və Bəşər Əsədin quru qoşunlarının İdlibə hücumu nəticəsində 400 mindən çox qaçqın Türkiyə sərhədlərinə doğru hərəkət edib.