12 Fevral 2020 12:35
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib bölgəsində Əsəd rejiminin həyata keçirdiyi 2 hücum nəticəsində 13 şəhid verən Türkiyənin atacağı cavab addımlarını bu gün AKP-nin qrup toplantısında Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayacaq.

Teleqraf.com xatırladır ki, ötən gün Prezident Ərdoğan elan etmişdi ki, İdlibdə atılacaq addımlar sabah elan olunacaq.

Türkiyə hakimiyyətinin siyasi ortağı olan MHP sədri Dövlət Baxçalı Ərdoğanın son açıqlamasından əvvəl bəyan edib ki, Türkiyə Dəməşqə daxil olmalıdır.

Qeyd edək ki, fevralın 3-də İdlibdə Əsəd rejiminə bağlı qüvvələrin artilleriya hücumu nəticəsində 7 türk əsgəri və bir mülki personal şəhid edilib.

Fevralın 10-da isə Əsədə bağlı qüvvələrin hücumu nəticəsində daha 5 türk əsgəri şəhid edilib.

Ərdoğan ötən gün bildirib ki, məlum hadisədən sonra Suriya rejiminə lazımı cavab verilib:

“Rejim İdlibdə bəlasını tapdı. Amma bu yetərli deyil və davamı da gələcək. Onlar bizim əsgərlərimizə hücumun bədəlini çox ağır ödəyəcək. Sabah addımlarımızı açıqlayacağam”.

İyi Partiyanın lideri Meral Akşener də bəyan edib ki, şəhidlərin intiqamını almaq lazımdır:

“Diplomatik vasitələrdən sözsüz ki, istifadə edilməlidir, amma əsgərimizi başqa dövlətin əsgəri vurursa, sözü uzatmağın mənası yoxdur. Mikrafon dəliqanlılığını buraxın və lazım olanı edin”.

Əsəd rejiminin İdlibdə 5 türk əsgərinin şəhid etməsindən sonra Kremlin sözçüsü Peskov bəyan edib ki, İdlibdə baş verənlərdən narahatıq.

ABŞ isə İdlibdə atəşkəs elan olunmasını vacib sayıb.

Artıq dünyanın diqqəti Prezident Ərdoğanın bu gün açıqlayacağı İdlib planındadır. Bir azdan bu plan açıqlanacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər