15 Fevral 2020 09:36
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Prezidenti Frank-Valter Ştaynmeyer Avropanı dünyanı qərbləşdirmək cəhdindən əl çəkməyə, Çinə, Rusiyaya, eləcə də regional güclərə münasibətdə realist siyasət yürütməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o bu açıqlama ilə 56-cı Münxen Təhlükəsizlik Konfransının açılışında çıxış edib.

Frank-Valter Ştaynmeyer Qərbin dünyanı öz simasına uyğun dizayn edə bilməyəcəyini vurğulayıb: "Xarici siyasətimizi hədsiz məcbur etməli deyilik. Xüsusilə Avropa və Almaniya dünyaya daha az missioner mövqedən yanaşmalıdır, bu halda daha böyük nailiyyət əldə edilər".

Almaniya Prezidenti Rusiya kimi ölkələrlə yaxşı əlaqələrə ehtiyac duyulduğunu bəyan edib. O, Rusiyanı tənqid etməyi də unutmayıb: "Haqlı-haqsız mübahisələrini bir kənara qoyaq, bu ölkə beynəlxalq hüququn ziddinə Krımı ilhaq etdi. Hərbi müdaxiləni və Avropa qitəsində sərhədləri təkrar siyasi vasitəyə çevirdi. Nəticədə qeyri-müəyyənlik və gözlənilməzlik, qarşıdurma və inam itkisi önə çıxdı".

Frank-Valter Ştaynmeyer İranla nüvə razılaşmasını müzakirə etməyə alternativ görmədiyini, Çinin isə beynəlxalq oyuncu statusuna yiyələndiyini deyib. O, Çini beynəlxalq hüququ öz mənafeyinə uyğun məsələlərdə, o cümlədən uyğurlara münasibətdə pozmaqda da ittiham edib.

Prezident çıxışında ABŞ rəhbərliyini sərt tənqid edib və bu ölkənin beynəlxalq təsisatların qərarlarına qeyri-adi şəkildə laqeyd yanaşdığını, ticarət müharibələri, iqlim dəyişikliyi kimi qlobal problemlərin həllində beynəlxalq birliyi zəiflətdiyini və buna görə beynəlxalq təşkilatların fəaliyyətində çıxılmazlıq yarandığını bildirib.


Müəllif: Mahir

Oxşar xəbərlər