25 Fevral 2020 17:19
4 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet İttifaqının sonuncu marşalı, keçmiş Müdafiə naziri, Mixail Qorbaçova qarşı çevrilişdə və SSRİ-nin son illərindəki repressiyalarında iştirak edən Dmitri Yazov 95 yaşında vəfat etdi. O, Rusiyada hörmətli bir sima olaraq qaldı.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Frans Press” agentliyi yazıb.

Nəşr Rusiya Prezidenti Vladimir Putinin Yazova olan simpatiyasına diqqət çəkib:

“O, “ata yurduna göstərilən xidmətlərə görə” tez-tez bəzədilirdi. Son illərdə onu bir neçə dəfə bəzəyən (medallar) Prezident Vladimir Putin bütün həyatını silahlı qüvvələrin gücləndirilməsinə həsr edən “müstəsna cəsarətli bir insanın” ölümünü kədərlə qarşıladı. Müdafiə naziri Sergey Şoyqu onun “əfsanəvi bir insan” olduğunu bildirdi. Cənazəsi cümə axşamı Moskva yaxınlığındakı hərbi qəbiristanlıqda planlaşdırılıb”.

“Frans Press” qeyd edir ki, Dmitri Yazov 1987-1991-ci illər arasında SSRİ Müdafiə naziri postuna və marşal rütbəsinə yüksəldikdən sonra - 1991-ci ilin avqustunda Sovet İttifaqının sonuncu başçısı Mixail Qorbaçova qarşı uğursuz qiyamda iştirakı ilə məşhurdur:

“Çevriliş planının liderləri Qorbaçovun “səhhətinə görə vəzifələrini icra edə bilmədiyini” iddia edərək fövqəladə vəziyyət elan etmiş, senzuranı bərpa etmiş və tankları Moskvaya gətirmişdilər. Zərbə uğursuz oldu və qiyamçılar həbs olundu. Bu hadisələr iqtisadi böhrandan zəifləyən SSRİ-nin taleyini möhürlədi. Sovet İttifaqı nəhayət 1991-ci ilin dekabrında dağıldı. Dmitri Yazov Mixail Qorbaçovu ABŞ-ı “məmnun etməkdə” günahlandırdı və vətənini xilas etmək üçün bu addımı atdığını dedi. Nəhayət 1993-cü ildə həbsdən buraxıldı, 1994-cü ildə isə əfv edildi”.

Nəşr qeyd edib ki, Yazovun ölümündən sonra SSRİ dövlət orqanlarında yüksək vəzifə tutan və Qorbaçova qarşı qiyamda iştirak etmiş yalnız bir şəxs qalır: keçmiş nazir Oleq Baklanov.

Vilnüs və Bakıdakı repressiyalar

“Frans Press” yazır ki, Yazov keçmiş Sovet İttifaqı ölkələrində SSRİ-dən müstəqillik istəyən xalqlara qarşı repressiyalara əmr verdiyinə görə nifrət edilən bir şəxs olaraq qalır:

“Yazov Qorbaçovun əmri ilə hərəkət edirdi. 1991-ci ilin yanvarında Litvada 14 nəfərin ölümü, 700-dən çox adamın yaralanması ilə nəticələnən hadisələrdə Sovet Müdafiə naziri olaraq roluna görə, 2019-cu ildə qiyabi olaraq 10 il həbs cəzasına məhkum edildi”.

Nəşr qeyd edir ki, Sovet marşalı 1990-cı ilin yanvarında Azərbaycanda müstəqillik hərəkatının getdiyi dövrdə həyata keçirilən qanlı repressiyaların da mərkəzində olub. Mənbə bildirir ki, “Qara Yanvar” kimi tarixə düşən hadisələr zamanı 147 mülki şəxs öldürülüb, 800 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər