Çilidə ötən ilin oktyabr ayında başlayan anti-hakimiyyət nümayişləri yenidən qızışıb.
Teleqraf.com xəbər verir ki, minlərlə insan paytaxt Santyaqoda küçələrə çıxaraq dövlət başçısı Sebastyan Pineraya etiraz edir.
Aksiyada iştirak edən 10 nəfərin artıq həbs edildiyi bildirilib. Etirazçılarla hərbi qüvvələr arasında qarşıdurmalar baş verir.
Hərbçilər nümayişlərə gözyaşardıcı qaz və küt alətlərlə müdaxilə etməyə başlayıb. Paytaxtın müxtəlif yerlərində başlayan etirazlar səbəbindən metroda qatarların fəaliyyəti dayandırılıb. Bundan başqa, şəhərdə nəqliyyatın hərəkəti tamamilə iflic olub.
Hərbi qüvvələrə müqavimət göstərən etirazçılar avtomobillər və dükanları yandırmağa başlayıb. Etirazçıların hərbçilərə qarşı istifadə etdiyi silah yenə də “Molotov kokteyli”dir.
Nümayişlərə qatılanlar Pinera hökumətindən bahalaşmanın qarşısını almağı tələb edir.