Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev xaricdən, o cümlədən Avrasiya İqtisadi Birliyi ölkələrindən gələn bütün şəxslərin karantinə göndərilməsinə dair tapşırıq verib.
Teleqraf.com xəbər verir ki, o deyib:
“Təəssüf ki, ölkə daxilində hava, dəmiryolu və avtomobil sərnişin daşımalarında əlavə məhdudiyyətlərin tətbiq edilməsinin vaxtı çatdı. Xarici ölkələrdən, o cümlədən Avrasiya İqtisadi Birliyindən istənilən nəqliyyat vasitəsi ilə gələn bütün insanlar üçün isə karantin təmin edilməlidir”.
Fövqəladə Vəziyyət üzrə Dövlət Komissiyasının iclasında çıxış edən Qazaxıstan Prezidenti, həmçinin çarter reyslərinə nəzarəti gücləndirməyin vacib olduğunu söyləyib.
Qeyd edək ki, Qazaxıstanda koronavirusa 61 yoluxma hadisəsinin baş verdiyi təsdiqlənib.
Martın 16-dan bu yana ölkədə fövqəladə vəziyyət rejimi elan edilib. Nur-Sultan və Alma-Ata şəhərlərində isə martın 19-dan karantin rejimi tətbiq olunub.