ABŞ Prezidenti Donald Tramp neftin qiymətləri ilə əlaqədar Rusiya və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə söhbətlərində ölkəsinin hasilatın azaldılması ilə bağlı mümkün güzəştləri müzakirə etmədiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, Tramp Rusiya və Səudiyyə Ərəbistanının dünya bazarlarında vəziyyətin yaxşılaşdırılması üçün hasilatın həcmi ilə bağlı tezliklə razılaşma əldə edə biləcəyini bildirib.
“Bu, Rusiya və Səudiyyə Ərəbistanı üçün çox yaxşı olar. Ümid edirəm ki, bu müqaviləni bağlayacaqlar - mənə dedikləri budur. Bunun yaxınlarda baş verəcəyini gözləyirik. Ümid edirəm ki, tezliklə elan edəcəklər”, - Amerika prezidenti deyib.
Daha əvvəl Tramp Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanla dünyanın enerji bazarındakı vəziyyəti müzakirə etdiyini qeyd edib. Rusiya ilə yanaşı, ABŞ-ın da gündəlik hasilatı 10 milyon barel azalda biləcəyini təklif edib. 20 dəqiqə sonra isə hasilatın 15 milyon barel azaldıla biləcəyini bildirib.
Aprelin 2-də Səudiyyə Ərəbistanı OPEC + sazişində iştirak edən ölkələrin və digər dövlətlərin ədalətli razılığa gəlmək və neft bazarlarında tarazlığı bərpa etmək məqsədi ilə təcili iclasını çağırıb.