Sovet İttifaqı marşalı İvan Konevin Praqa-6 dairəsindəki abidəsi sökülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Abidə postament üzərindən qaldırıcı krandan istifadə edilərək götürülüb. Onun gələcəkdə muzeydə yerləşdiriləcəyi bildirilir.
Məlumatda bildirilir ki, Rusiya hakimiyyəti, həmçinin Çexiya Prezidenti Miloş Zeman heykəlin sökülməsinə qarşı çıxıb.
Qeyd edək ki, 2019-cu ilin avqust ayında naməlum şəxslər abidəni boya ilə boyayıblar. Bundan sonra Praqa-6 dairəsinin səlahiyyətliləri abidənin köçürülməsi ehtimalı barədə danışmağa başlayıblar. Sentyabr ayında dairə administrasiyası Konevin heykəlini sökmək və onun yerində Praqanı azad edənlərə başqa bir monument ucaltmaq qərarına gəlib.
Marşal Konevin abidəsi 1980-ci ildə Praqanın 1945-ci ilin mayında alman qoşunlarından azad edilməsinin xatirəsinə açılıb. Konev əməliyyatda iştirak edən üç sovet cəbhəsindən birinə komandanlıq edib.