Çeçenistan müftisi Salah-Hacı Mejiyev respublikada karantin tədbirləri başa çatanadək qadınların yas mərasimlərində iştirak etməməli olduğunu, yalnız mərhumun yaxınlarının mərasimlərdə iştirak edə biləcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə müftiliyin rəsmi sosial şəbəkə hesabında bildirilib:
“Biz, bundan əvvəl özünütəcrid dövründə dəfn mərasimlərinin keçirilməsinə məhdudiyyətlər qoymuşduq, lakin bir çox qadın bu tələbləri pozur. Buna görə hamımız üçün bu çətin dövrün bitməsinə qədər qadınları yas mərasimlərində iştirak etməməyə çağırıram. Yas mərasimlərində yalnız mərhuma ən doğma qadınlar iştirak edə bilər”.
Müfti bu tədbirlərin qadınların sağlamlığının qorunması məqsədi daşıdığını söyləyib.
“Anlayıram ki, əziz və yaxın insanlarımızı belə şəraitdə dəfn etmək bizim hamımız üçün çətindir, lakin biz, şübhəsiz ki, bu müddət ərzində ölənlərin hamısı üçün bütün məscidlərdə dualar oxuyacaq və dini ayinlər keçirəcəyik”, – deyə müfti bildirib.
Rəsmi şəxslərin verdiyi məlumata görə, bir müddət öncə Yeni Ataqi kəndində kütləvi şəkildə keçirilən yas mərasimindən sonra COVID-19-a onlarla yeni yoluxma hadisəsi aşkarlanıb.
Çeçenistanda ruhanilərə özünütəcrid rejimi bitənə qədər kəbin kəsmək də qadağan edilib.
Son məlumatlara görə, respublikada 219 nəfər COVID-19-a yoluxub, onlardan 23-ü sağalıb, 5 nəfər ölüb.