“Rusiya Haftarın Liviyadakı hakimiyyətin təhvil verilməsinə dair açıqlamalarından təəccüblənib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbədən “RİA Novosti”yə verilən məlumatda bildirilib.
Məlumata görə, Moskva Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftarın Liviyada hakimiyyətin təhvil verilməsi barədə verdiyi açıqlamalardan təəccüblənir, münaqişənin hərbi yolla həllinin olmadığını bildirir:
“Bu təəccüblüdür. Berlində keçirilən sammitin qərarı var. Ortada BMT Təhlükəsizlik Şurasının 2510 saylı qətnaməsi var. Bu qətnaməyə görə, Liviyanın gələcək müqəddəratı BMT baş katibinin köməyi ilə liviyalıların özləri tərəfindən müəyyən edilməlidir. Biz məsələnin dialoq və siyasi proses çərçivəsində davam etdirilməsinin tərəfdarıyıq, münaqişənin hərbi həlli yoxdur”.
Qiyamçı general Xəlifə Haftar Liviyanın legitim Milli Sülh Hökuməti ilə imzalanmış siyasi razılaşmadan çıxdığını elan edib. O, ölkəyə nəzarətin orduya keçdiyini bildirib.