Rusiyadakı "Ali iqtisadiyyat məktəbi" Elmi Tədqiqat Universitetinin fəlsəfə professoru Oleq Matveyçevə töhmət elan olunub.
Teleqraf.com xəbər verir ki, buna səbəb professorun Feysbuk səhifəsində repressiyaya çağırış məzmunlu status yazması olub.
Oleq Matveyçev 37-ci il cəzalarının bərpa olunmasını istəyib: "37-ci il lazımdır. Məhz bu yaramazlıq başqalarına da yoluxur, məhz bu liberal yaramazlıqdan yaxınlarımız ölür. Onlar informasiya savaşında təkcə 5-ci kolon kimi təhlükəli deyillər, həm də bizim axırımıza çıxırlar. Buna görə də onları güllələmədən cərrahi yolla öldürməliyik".
Qeyd edək ki, professor xaricdən Rusiyaya gələn "liberal cütlüy"ün hava limanında koronavirusla bağlı anketi doldurmaqdan imtina eləməsinə şahid olduqdan sonra bu statusu yazıb.
Status Rusiyada böyük rezonansa səbəb olub, uzun müddət KİV-də müzakirə edilib. İş o həddə çatıb ki, Vladimir Jirnovski Oleq Matveyçevin universitetdən qovulmasını tələb edib.
Oleq Matveyçev yazdığı statusu silib, işlədiyi univerisitet qarşısında üzr istəməyə hazır olduğunu söyləyib. Töhmətdən sonra o, yazdıqlarından reputasiyası ziyan çəkən insanlardan da üzr istəyə biləcəyni bəyan edib.
Oleq Matveyçev həmin statusu mart ayında yazıb.