Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun rəhbəri olduğu “Avropa həmrəyliyi” Partiyası sabiq prezidentlə ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden arasındakı söhbətin Ali Radanın deputatı Andrey Derkaç tərəfindən səs yazısı formatında yayılmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, partiya səs yazısından yayımlanan fraqmentin quraşdırma olduğunu və Ukraynanı gözdən salmaq məqsədi daşıdığını bəyan edib.
“Avropa həmrəyliyi” bu hadisəni ABŞ-ın Ukraynaya çoxtərəfli dəstəyini pozmağa yönəlmiş rus təxribatı adlandırıb. Bundan əvvəl “Ukrainskaya pravda” nəşri öz mənbələrinə istinadən Ukrayna Baş Prokurorluğunun keçmiş prezident Petro Poroşenko və ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden arasında danışıqların audio yazılarının yayımlanması ilə əlaqədar dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi üzrə istintaq başladıldığını bildirmişdi.