“Böhran dərinləşdikcə və Putinin reytinqi sürətlə düşdükcə, Rusiya siyasi elitasında baş verənlər də tədricən üzə çıxır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Dmitri Medvedevin Baş nazir postundan uzaqlaşdırılması ətrafında cərəyan edən olaylara diqqət çəkib:
“Rusiyadakı mühafizəkar imperiyapərəst ”İzbor Klubu”nun sədr müavini Vitali Averyanov deyib ki, guya, ötən ilin dekabrında hökuməti və əsasən də Baş nazir Dmitri Medvedevi istefaya göndərməklə Prezident Putin dövlət çevrilişinin qarşısını alıb. Xatırladım ki, bu klub Rusiyanın hərbi-sənaye dairələrinə yaxın qurumlardan hesab olunur və onun sədri də Azərbaycan auditoriyasına az-çox tanış olan Aleksandr Proxanovdur.
Beləliklə, böhran dərinləşdikcə və Putinin reytinqi sürətlə düşdükcə, Rusiya siyasi elitasında baş verənlərin yeni çalarlarının üzə çıxmasını demək olar. Amma çevriliş söhbəti heç bir halda inandırıcı görünmür, çünki əvvəla, Medvedevin təmsil olunduğu “liberal” komanda bunu həyata keçirmək üçün zəruri resurslara malik deyil, ikincisi də, bu qrupun siyasi gücü heç vaxt Rusiya kimi ölkəyə nəzarət edə biləcək həddə olmayıb. O zaman, bunu ölkənin ən nüfuzlu hakimiyyətdaxili qruplarından olan hərbi dairələrin Putinin də təmsil olunduğu DTK-FSB komandasına mesajı kimi də anlamaq olar. Yəqin, Rusiyadakı böhranın kulminasiya nöqtəsinə çatanda prezidentin (daha doğrusu, dekorasiyanın) dəyişəcəyini bilən hərbçilər demək istəyirlər ki, Baş nazir postu bizim olmalıdır, yoxsa, istənilən ssenari mümkün ola bilər”.