“Düşmən son aylar həm Qazax, həm də Naxçıvan istiqamətində fəallaşaraq təxribatlar törədir. Hesab edirəm ki, müharibə başlayarsa, ordumuz Naxçıvan istiqamətindən İrəvana zərbələr endirə, habelə İrəvandan Qarabağa gedəcək strateji yolları, Ermənistan-İran istiqamətindəki nəqliyyat dəhlizini də darmadağın edə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Naxçıvanın 40 km-liyində olan İrəvanın hədəfə alınması ehtimalı düşməni daim səksəkədə saxlayır: “Son illərdə Azərbaycan Naxçıvanda ordunu ən yüksək silahlarla təchiz etməkdə davam edir.
ABŞ-ın Ceymstaun Araşdırma Fondunun elmi işçisi Can Kasapoğlu tərəfindən dərc edilmiş materialda da bununla bağlı fikir yer tutur. Bunun növbəti sübutu isə strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir.
Müəllif qeyd edib ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır.
Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir”.
Zaur Məmmədov qeyd edib ki, Azərbaycan bundan əvvəl Türkiyədən 300 millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib:
“Habelə Naxçıvanda “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla digər reaktiv sistemlər də yerləşdirilib. O cümlədən Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat-taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur.
Beləliklə, düşmən gərginlik içindədir. Azərbaycan ordusu döyüşə hazırdır. Ermənistan ilk növbədə ətraf rayonları qaytarmalıdır. Əks təqdirdə, heç kim bizi durdura bilməcəyəcək”.