Harvard Tibb Məktəbinin alimləri Çinin Uhan şəhərindəki beş xəstəxananın dayanacaq yerlərinin iki il ərzində çəkilmiş peyk görüntülərini təhlil edib və 2019-cu ilin avqustundan dekabrına qədər dayanacaqlardakı avtomobillərin sayında kəskin artım aşkar ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “BBC”nin rus xidmətinin materialında bildirilir.
Qeyd olunur ki, bu artım internetdə “öskürək” və “ishal” sözlərinin axtarışının kəskin artımı ilə üst-üstə düşüb.
Tədqiqatın müəllifi Con Braunşteyn “ABC” telekanalına açıqlamasında deyib: “Görünür, çoxları COVID-19 barədə məlumat yayılandan əvvəl narahat olmağa başlayıblar”.
Tədqiqat hələ ekspert qiymətləndirməsi almayıb.
Elm adamları Uhan şəhərindəki 5 xəstəxananın dayanacaq yerinin 2019-cu ilin yaz və yay aylarında kommersiya peyki tərəfindən çəkilən görüntülərini təhlil edib və həmin görüntüləri bir il əvvəlin analoji dövrünün görüntüləri ilə müqayisə ediblər.
Belə görüntülərin birində mütəxəssislər 2018-ci ilin oktyabrında Uhanın ən böyük xəstəxanalarından birinin dayanacağında park edilmiş 171 avtomobil sayıb. Bir il sonra eyni dayanacaqda avtomobillərin sayı 285-ə çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 67% çoxdur.
Çinin axtarış sistemi “Baidu”da (“Google” axtarış sistemi Çində yasaqdır) da koronavirus simptomları ilə əlaqəli olan açar sözlərin axtarışında da həmin dövrdə sıçrayış qeydə alınıb.
Tədqiqat müəllifi Con Braunşteyn “ABC”yə deyib ki, daha çox məlumat həmin vaxt Uhanda nəyinsə baş verdiyini göstərir: “Əslində nə baş verdiyini anlamaq və bu kimi xəstəliklərin necə meydana gəldiyini və yayıldığını öyrənmək üçün bir çox araşdırma aparmaq lazım gələcək. Bu, yalnız bir sübutdur”.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xua Çunin araşdırmanın nəticələrini kəskin tənqid edib: “Dayanacaqda avtomobillərin sayı kimi səthi məlumatlara söykənib bu nəticəyə gəlmək çirkindir, olduqca çirkindir”.
Çində koronavirusun yayılmasının ötən ilin noyabr ayında başladığı güman edilir. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına bilinməyən bir səbəbdən Hubey əyalətinin Uhan şəhərində çoxsaylı sətəlcəm hadisəsinin baş verdiyi barədə məlumat verib.