Barış Akarsu 1979-cu il iyunun 29-da Amasrada doğulub. Orta və lisey təhsilini da burada tamamlayıb. Lisey illərində Amasra Yelkənli qayıq Klubunda peşəkar şəkildə bu idman növü ilə məşğul olub. Musiqiyə marağı kiçik yaşlarından başlayıb. Orta məktəbdə oxuyarkən əlində fleyta küçələri dolaşdığını deyirdi. Peşəkar musiqi ilk tanışlığı Amasraya konsert üçün gələn qrupların təsiri altında olub.
Teleqraf.com məşhur türk rokçu Barış Akarsu haqda məlumatları təqdim edir.
Gitaraya maraq göstərən Akarsu 1970-1980-ci illərin rokçularından təsirlənir. Bir müddət Antalyada həvəskar musiqiçi kimi çalışır. Ankaradakı gecə klublarında barmen, ofisiant və musiqiçi kimi də özünü göstərir. Həmin illərdə dörd il ərzində müxtəlif barlarda, yerli telekanal və radiolarda proqramlarla çıxış edir. Həmin dönəmdə ATV kanalında yayımlanan “Akademi Türkiye” yarışmasına qatılır, 2004-cü ildə yarışı birinciliklə bitirir. Yarışdan dərhal sonra İstanbula yerləşir və musiqi karyerasını burada davam etdirir. Yarışda şöhrətin zirvəsinə qalxan Barış Akarsu Türkiyənin müxtəlif şəhərlərində 200-dən çox konsert verib.
Ustad sənətkarların izində
Cem Karaca və Barış Manço kimi ustad sənətkarların davamçısı və vəliəhdi kimi qəbul edilən rokçunun ilk albomu “Islak ıslak” 2004-cü il dekabrın 31-də işıq üzü görür. Həmin il bu albomunda yer alan “Islak ıslak”, “Kimdir o”, “Amasra” və “Mavi” kimi məşhur mahnılara klip çəkdirmişdi.
İki il sonra ikinci albomu “Düşmeden bulutlarda koşmam gerek”i pərəstişkarlarına təqdim edir. Albomda 10 yeni ifası ilə yanaşı, bəstəsi özünə aid “Yeter be” və “Ben” adlı iki əsəri də vardı. İki albomunda yer alan “Vurdum en dibe kadar” və “Yaz demedim” mahnılarına klip çəkdirib.
“Şöför Tarık”
2006-cı ildə “Star”da yayımlanmağa başlanan “Yalancı yarim” adlı serialda baş rollardan birinin ağırlığını öz üzərinə götürür. Ölümü ilə yarımçıq qalan bu serialda həyat verdiyi “Şöfür Tarık” obrazı ilə milyonlarla tamaşaçının ürəyində özünə yer etməyi bacardı.
Yarım qalan arzular
Barış Akarsu 28-ci doğum günü – 2007-ci il iyunun 29-da Bodrumda avtomobil qəzası keçirdi. Qəza vaxtı avtomobildə olan Zeynəb Koçak və Nalan Kahraman olay yerində vəfat etdi. Barış Akarsu isə xəstəxanaya ürəyi dayanmış halda gətirildi və həkimlərin müdaxiləsi ilə ürəyi yenidən işləməyə başladı. Beş günlük reanimasiyadadan sonra – iyulun 4-də vəfat etdi.
Reanimasiyada qaldığı müddətdə pərəstişkarları və sevənləri xəstəxana önündə növbədə durmuş, yaxşılaşacağına ümid etmişdilər. Ölümündən sonra “Yalancı yarim” serialı və yeni hazırladığı albomu yarımçıq qaldı. 2008-ci ilin yanvar ayında serialda söylədiyi mahnılarının yer aldığı və 28 illik həyatından bəhs edən disk buraxıldı. Gənc yaşda həyatla vidalaşan Barış Akarsu doğulduğu Amasrada torpağa verilib.
Heykəltəraşın ölümü
Mərhum rokçuya Amasrada qoyulan heykəli Tankut Ötkəm tərəfindən hazırlanıb. Hündürlüyü üç metr olan heykəl Ötkəmin vəfatı səbəbindən köməkçiləri tərəfindən başa çatdırılıb. Heykəl ölümünün birinci ildönümündə qoyulub. Həmin gün qəzaya düşdüyü qovşağa “Barış Akarsu” adı verildi.
Xəstə uşaqlara sevgi
Barış Akarsu xeyriyyəçi idi, yardım etməyi çox sevirdi. Medianın gündəmində yer almasa da, tez-tez xeyriyyə konsertləri verirdi. Xüsusən də talassemiya xəstəsi olan uşaqlara qarşı həssasdı. “Yaşasaydı, Türkiyənin Bob Geldofu olacaqdı”, - ölümündən sonra onun haqda tez-tez deyirdilər.
Qəzadan iki gün əvvəl – iyunun 27-də İzmirə getdi. Təpəcik xəstəxanasında 22 talesemiyalı uşağa baş çəkdi – uşaqlarla oynadı, film izlədi, mahnı oxudu…
Gitara, musiqi və motosiklet
Səhnədə göründüyü gündən rəqabət və mübahisələrin mərkəzində də yer alan rokçu fərqli səsi və istedadı ilə seçilmişdi. Özü isə bu rəqabətdən çox musiqi, gitarası və motosikletini çox sevdiyini deyirdi. Müsabiqədən qalib kimi ayrıldıqdan sonra artıq küçəyə çıxarkən yüzlərlə pərəstişkarının üstünə qaçdığı sevilən bir musiqiçi idi. Ölümündən sonrakı gün çıxarılan iki albomu ən çox alınanlar siyahısında birinciydi.
Rejissorsuz film
Müsabiqədən sonra bir serial təklif gəldi. Ekran əsərində bir ralli pilotunu canlandırmalı idi. Çəkilişlər 2006-cı il iyunun 29-da başladı. Serialın ilk bölümündə ağır qəza keçirəcək, amma sağ qalmağı bacaracaqdı. Düz bir il sonrakı doğum günündə, yəni 2007-ci il iyunun 29-da yenə bir qəza keçirəcəkdi. Amma bu dəfə nə rejissor vardı, nə işıq, nə də kamera…