Şərqi Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik davam edir. Rəsmi Afinanın cığallığı səbəbindən yaranmış gərginlik bölgəni müharibəyə sürükləyir. Ankara açıq bəyan edib ki, milli maraqlarından geri çəkilməyəcək və istənilən ssenariyə hazırdır. Türkiyənin son aylar Şərqi Aralıq dənizində 15 dəfə hərbi təlim keçməsi də Ankaranın fikirlərində ciddi olduğuna işarədir. Yunanıstan isə Fransa, Misir, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrlə cavab təlimləri keçməklə bir növ əzələ nümayiş etdirir, üstəlik bu ölkələri Türkiyəyə qarşı qoymağa çalışır. Maraqlıdır ki, Afinanın Aralıq dənizinə dəvət etdiyi İtaliya və ABŞ həm Yunanıstan, həm də Türkiyənin təlimlərinə qatılıb.
Teleqraf.com hazırda bölgədə yaranan gərgin hərbi-siyasi vəziyyətlə bağlı təqaüddə olan türkiyəli kontr-admiral Əli Dəniz Kutlukun şərhini təqdim edir.
Admiral hesab edir ki, hazırda yaşananlar hərbi manevr və təlimlərdən daha irəli gedən məna kəsb edir. Onun fikrincə, Türkiyə hərbi varlığı ilə əzici gücünü nümayiş etdirir, “bura mənim maraq dairəmdir, yaxınlaşanı vuraram” mesajını verir: “Şərqi Aralıq dediyimiz Kipr ətrafı, Rodos adasının şərqi, Kritin cənub xəttinin qərbində Türkiyə son 3 aydır təlimlər həyata keçririr. Hərbi gücünün oralara çatdığını rəqiblərinə nümayiş etdirir.
Bu təlimlərin bəziləri planlı fəaliyyət, bəziləri xarici müttəfiqlərlə birgə keçirilən tədbirlərdir. Yunanıstanın Fransa ilə keçdiyi təlimlərdən uzaq bir şey deyil. Yunanıstan ABŞ-la da təlimlər keçdi. Sonra həmin ABŞ gəmiləri bizimlə birgə təlimlərə qatıldı. Normalda gəmilər "A" nöqtəsindən "B" nöqtəsinə gedərkən yolda müttəfiqləri ilə belə məşqlər edib, özləri üçün ehtiyat gəmilərgətirilməsini rahatlıqla təmin edir. Müttəfiqlərlə keçirilən PASEX təlimləri əslində dostluq münasibətlərinin mövcudluğunu göstərir”.
Kontr-admiral qeyd edib ki, normalda dəniz gücümüzü artırdığımız zaman “bura mənim maraq dairəmdir, bura gələni vuraram” mesajını veririk: “Burada avqustun 6-dan sonra fərqli bir durum var. ABŞ-ın müdaxiləsi ilə nəticələnən Misir-Yunanıstan dəniz razılaşmasından sonra gəmilərimiz sadə təlim formasında orada deyillər. Əksinə, gəmilərimiz müharibə şərtlərinə keçid etdi. Real müharibə şərtlərinə uyğun bölgədə mövcuddurlar və təlim keçmirlər. Diqqət çəkməyən tədbirlər görərək müharibə ehtimalına qarşı hazır vəziyyətdə gözləyirlər.
Başqa sözlə, bu, təlim məsələsi deyil, müharibə tərtibatıdır. Texniki tədbirlə strateji yerləşdirmədir. Növbəti addımın münaqişə olacağı fərziyyəsi ilə edilən tənzimləmədir”.
Əli Dəniz Kutluk əlavə edib ki, Türkiyə vuracağı ana qədər gücünü göstərməyəcək: “Türkiyə vurduğu anda onun gücünü anlayacaqlar. Türkiyə o ana qədər ehtiyatlı olacaq. Necə ki boksçu sağ yumuruğunu saxlayıb sol yumruğunu açır, amma sağ yumuruğu ilə vurub yerə yıxır. Bu bir sağ yumuruq əməliyyatıdır.
Qarşınızdakına siyasi iradə göstərirsiniz, o, sizi dinləməyəcəyi təqdidə digər siyasi vasitələrdən istifadə edirsiniz. Bunların biri diplomatiya, digəri diplomatiyanın arxasındakı hərbi gücünüzdür.
Türkiyə deyir ki, səninlə dialoq quraraq problemi həll etməyə çalışacam. Sən arxada başqa ölkələri prosesə cəlb edib bu yolla istəyinə nail olmaq niyyətindəsən. Bölgədə mənim maraqlarıma hücum edirsən, mən bunu qarşılıqsız buraxmaram. Artıq burada danışılacaq bir məsələ qalmır. Dialoq xəttinin qapandığı bu dönəmdən sonrakı mərhələ hərbi gücdən istifadədir.
Türkiyə qarşı tərəfin zehninə girməyə, məsələni anlatmağa çalışır, sözsüz ki, anlayana. Bunun texniki adı çəkindirmənin gücləndirilməsidir. Cəsarət birləşdirici olmasa, arxasında müharibə gələr”.