Avropa Komissiyası Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ilə birlikdə kiberməkanda təhlükəsizliyin təmini üzrə strategiya hazırlayaraq təqdim edib.
“Açıq, təhlükəsiz və etibarlı kiberməkan” adlı strategiyanın təqdimatı Brüsseldə baş tutub.
Strategiyada beş prioritet müəyyənləşib: kiberdavamlılığa nail olunması, kibercinayətkarlığın azaldılması, kibermühafizə siyasətinin inkişaf etdirilməsi, kibertəhlükəsizlik üçün sənaye və texnoloji resursların inkişafı, kiberməkan sahəsində uyğun beynəlxalq siyasətin yaradılması.
Bundan başqa, strategiya milli kibercinayətkarlıqla mübarizə mərkəzi şəbəkələrinin inkişafı və maliyyələşdirilməsini nəzərdə tutur.
Avropa Komissiyası Aİ-nin strategiyanın həyata keçirilməsinə yönələn direktiv layihəsini də təqdim edib.
Direktiv layihəsinə əsasən, Aİ-yə üzv ölkələr milli şəbəkə və informasiya təhlükəsizliyi strategiyalarını hazırlayaraq təsdiq edəcək, bu sahədə fəaliyyətin təmini üçün maliyyə resurslarına malik milli orqanlar yaradacaq.
Ekspertlərin qiymətləndirməsinə görə, hər gün kompüter şəbəkəsində təxminən 150 min kompüter virusu dövr edir. Dünya Bankının məlumatına əsasən, yaxın on ildə əhəmiyyətli informasiya infrastrukturunun 10 faizində qəza baş verə bilər ki, bu da 250 milyard dollar məbləğində ziyanla nəticələnə bilər.
İlhamə