Monteneqroda keçirilən seçkilərdən sonra müsəlman bosniyalılara qarşı təxribatlar davam edir.
Teleqraf.com xəbər verir ki, bu dəfə Pljevlja şəhərində İslam Birliyinin binasına hücum edilib.
Binanın pəncərələri naməlum şəxslər tərəfindən sındırılıb, içəriyə atılan məktubda isə şəhərdə yaşayan müsəlmanlara qarşı təhdid ifadələri yer alıb.
Məktubda 1995-ci ildə 8 mindən çox mülki insanın serblər tərəfindən qətl edildiyi Srebrenitsa soyqrımının təkrarlanacağı qeyd edilib. Bu kimi hallar şəhərdə yaşayan müsəlmanların ciddi narahatlığına səbəb olub.
Şəhərin baş imamı Samir Kadribaqsic hücumun dünən gecə baş verdiyini xatırladaraq bildirib ki, vəziyyətin hara qədər inkişaf edəcəyini bilmir, amma qarşı tərəfin də reaksiya verməsi ilə xaos yaranmasından narahatdır.
Qeyd edək ki, Monteneqroda bazar günü keçirilən parlament seçkilərində Serb Ortodoks Kilsəsinə yaxınlığı ilə seçilən Demokratik Cəbhənin başçılıq etdiyi milliyyətçi ittifaq qələbə qazanıb.