Rusiya Liviyada hərbi varlığını təkzib etdikdən bir həftə sonra düşürülən təyyarədən xilas olmuş pilotun rus dilində yardım videosu göndərməsi ilə Moskvanın Liviyaya nə qədər qüvvə göndərdiyi sualı ortaya çıxıb.
Teleqraf.com xatırladır ki, BMT-nin qeydlərinə görə, Liviyanın şərqindəki hava limanlarına 8 avqust-2 sentyabr tarixləri arasında rusların 70 hərbi nəqliyyat təyyarəsi eniş edib.
BMT-nin Liviyaya Dəstək Missiyasının təmsilçisi Stepan Villiamsın fikrincə, qiyamçı Haftara beynəlxalq dəstək yalnız hava və quru yolu ilə məhdudlaşmır, eyni zamanda qeyd edilən tarixlərdə qiyamçı generala 3 gəmi ilə yardım göndərilib.
Rusiyanın BMT-dəki səfiri Vasiliy Nebenzya isə dəfələrlə bəyan edib ki, Liviyadakı qarşıdurma xəttində bir rus əsgəri də yoxdur.
“Əl Cəzirə” kanalının diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə, Liviyaya beynəlxalq sanksiya mütəxəssis qrupunun gizli hesabatına əsasən, Rusiya Liviyadakı muzdlu döyüşçüləri olan Vaqner qrupuna dəstəyini gücləndirir. Hesabatda deyilir ki, 2019-2020-ci illər ərzində Liviyaya Suriyadan 338 rus hərbi yük təyyarəsi eniş edib. Bu durum iyun ayında əldə olunan atəşkəs rejiminə rəğmən Rusiyanın Vaqner və Haftar qüvvələrinə silah göndərməkdə davam etdiyinə sübutdur.
Rusiyanın Haftarı gücləndirməsinin səbəbi kimi qiyamçıların yeni hücuma hazırlaşmasıdır. İkinci ehtimal kimi Rusiya Cufra hava bazası ilə Sirtədəki hava bazasında müdafiə gücünü artıraraq NATO-nun cənubunda sabit varlığını təmin etmək istəyir. Bu durum Liviyaya MİQ-29, SU-24 bombardmançı təyyarəsi və inkişaf etmiş rus silahlarının gönədiyini ortaya qoyur.
Belə xəbərlər də var ki, Türkiyənin dronları sayəsində müəyyən edilərək məhv edilən Pantsir hava hücumundan müdafiə sistemlərinin əvəzinə qiyamçı Haftara nisbətən uzun mənzilli S-300 hava müdafiə sistemləri göndərilib.
Məxfi hesabat ortaya qoyub ki, Liviyada Vaqnerin muzdlu 1200 civarında döyüşçülərinin sayı 2500 nəfərə qədər artıb. Bundan başqa, Suriyada Əsəd rejiminə sadiq olan təxminən 5 min döyüşçünün də aylıq 2 min dollar əmək haqqı qarşılığında Liviyaya göndərildiyi deyilir.