10 May 14:01
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda 2002-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində yaranan mübahisə zamanı qonşusu Adili (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 6-da Quba rayonunun kəndində baş verib. Vüsalla Adil arasında mübahisə qısqanclıq zəminində yaranıb.

Belə ki, Adil Vüsalın onun arvadı Nigar ilə sevgi münasibətində olmasını iddia edib. Bu səbəbdən onlar yaşadıqları evin həyətində yerləşən tövlədə mübahisə ediblər.

Vüsal şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Adilin əlini cibinə atması nəticəsində onu öldürəcəyini və ya alçaldıcı hərəkət edə biləcəyini ehtimal edib, onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Vüsal əvvəlcədən üzərində gəzdirdiyi cib bıçağı ilə Adilin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Adilə vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

“Öldürmək niyyətim olmayıb”

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirsiz hesab edib. O bildirib ki, Adili öldürmək niyyəti olmayıb: “Adillə aramızda mübahisə onun məndən şübhələnməsinə görə baş verib. Həmin şübhənin də əsası, səbəbi olmayıb. Mübahisə birinci dəfə Adilgilin evində olub. İkinci dəfə münaqişə olan zaman hadisə baş verib. Bıçaqlanma hadisəsi oldu. Adili öldürmək kimi niyyətimin olmaması izahatımda açıq-aşkar yazılıb. Buna baxmayaraq hazırda adam öldürməyə cəhdlə ittiham olunuram. İttiham olunduğum əməl doğru olmayıb. Münaqişə əsnasında Adilin məni vuraraq xəsarət yetirəcəyi qənaətinə gəldiyim üçün ona xəsarət yetirmişəm”.

“Oradaca öldürərdim”

Təqsirləndirilən şəxs bildirib ki, cinayət işi materiallarında zərərçəkmiş şəxsə 13 bıçaq zərbəsi endirdiyi qeyd edilsə də, o, hazırda 6-7 bıçaq zərbəsi endirdiyini xatırlayıb: “Hadisə zamanı özümdə olmamışam. Bu səbəbdən 6-7 bıçaq zərbəsi vurmuşam. Həmin vaxt öldürmək niyyətim olmayıb. Öldürmək istəsəydim, elə oradaca Adili öldürərdim, heç evinə getməyə şərait yaratmazdım. Bıçaqla xəsarət yetirdikdən sonra təxminən on-on beş dəqiqə söhbət etmişik. Daha sonra təcili tibbi yardım xidmətinə zəng etmişəm. Adil mənə 103-ə yığmağımı istədi. Mən də zəng etdim. Amma zəng çatmadı. İkinci dəfə zəng edərək danışmaq istəyəndə Adil mənə zəngi sonlandırmağımı tapşırdı. Bunu Adilin özü də təsdiq edə bilər. Adilin axırıncı dəfə övladını görməyi məndən xahiş etməsi məsələsi yadıma gəlmir. Adilə zərbə endirməyi məndən övladını görməyi xahiş etdiyi üçün dayandırmamışam. Adil özündə olmadığını görərək onu daha vurmamışam. Bıçağı sırf münaqişəyə görə götürməmişəm. Bıçaq əvvəldən məndə olub. İşdə olan zaman bıçaqdan istifadə etmişəm. Bıçaq hər dəfə mənə lazım olmayıb. Həmişə üstümdə gəzdirməmişəm. Sadəcə hadisə olan gün işdə olmuşam. Özüm muzdlu işçi olmuşam. Hadisə ərəfəsində qələm əkməklə məşğul olmuşam”.

“Tanışlarım dedi ki, məni axtarır”

Vüsal deyib ki, hadisə günü olan münaqişədən əvvəl də Adillə mübahisələri olub: “Adillə həmişə məhəllədə görüşmüşük. Məhəllədə aramızda qısa dialoqlar olub. Hətta bir-iki dəfə Adilin evində də söhbət etmişik. Adillə aramızdakı birinci mübahisə də onun məndən şübhələnməsinə görə baş verib. Biz həmişə məhəllədə söhbətləşərək qeyd olunan mövzu barədə söhbət etmişik. Bir-iki dəfə də şübhələrə görə Adil məni evlərinə çağırıb və söhbətimizi davam etmişik”.

Vüsalın ifadəsinə görə, hadisə günü Adillə görüşməmişdən əvvəl onu axtarması barədə məlumatı olub: “Tanışlarım dedi ki, Adil məni axtarır. Marketin yanındakı tanışlarım Adilin məni axtardığını söylədi. Hadisə günü Adil mənim evimə də gəldi. Mən evə gələndə Adil artıq məni qapının ağzında gözləyirdi. Adillə görüşənə kimi onun məni axtardığından məlumatlı olmuşam. Adilin məni telefona görə axtardığını düşünmüşəm. Adilgil bizimlə qapı qonşudur. Evə gələndə Adillə üzləşdim. Adil məni içəriyə dəvət etdi”.

“Düşündüm ki, bıçaq çıxaracaq”

Vüsal qeyd edib ki, daha sonra bir qədər həyətdə Adillə söhbət edib, yüngülvarı tutaşıblar: “Bu zaman qızım bizi gördü. Qızım gedəndən sonra söhbətimizi tövlədə davam etdirdik. Tövlədə söhbət etməyi Adil təklif etdi. Tövlədə təxminən bir-iki dəqiqə söhbət etdik. Birinci dəfə tutaşanda Adil əlini cibinə atmaq istədi. Elə düşündüm ki, cibindən bıçaq çıxaracaq. Ona görə tövlədə söhbət edən zaman elə düşündüm ki, Adilin cibində bıçaq var. Hadisə zamanı Adilə bıçaqla xəsarət yetirdim”.

“Şübhə beynimə düşmüşdü”

İş üzrə zərərçəkmiş Adilin sözlərinə görə, Vüsal bir-iki dəfə qapısında dayanıb: “Məndə bu səbəbdən şübhələr yarandı. Həmin gecə də bir qədər alkoqollu içki qəbul etmişdim. Şübhə beynimə düşmüşdü. Şübhələri aydınlaşdırmaq üçün Vüsalı çağırdım, söhbət etmək üçün tövləyə getdik. Siqaret çəkmək üçün əlimi cibimə atdım. Bir də gördüm ki, Vüsal bıçağı çıxararaq mənə xəsarət yetirir. Vüsal mənə ardıcıl bıçaq zərbələri endirdi. Hadisə zamanı üzərimdə bıçaq olmayıb. Zərbələrin nəticəsindən özümü itirmişəm. Yerə oturan zaman Vüsal mənə vurduğu bıçaq zərbələrini dayandırdı”.

“Mənə söz göndərməyib”

İş üzrə şahid qismində ifadə verən Nigarın sözlərinə görə, əri Adil, azyaşlı övladları - 2015-ci il təvəllüdlü Səma, 2020-ci il təvəllüdlü Tamara və 2022-ci il təvəllüdlü Səid adlı övladları ilə birlikdə yaşayır: “Adil ilə 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşuq. Adillə din vasitəsilə tanış olmuşuq. Özüm dindaram. Adil də ailə qurduğum vaxt dindar biri olub. Ailə qurduğum vaxtdan etibarən kənddə yaşamışıq. Təqsirləndirilən Vüsal üzbəüz qonşumuzdur. Vüsal bizimlə üzbəüz evdə atası Elmar, anası Südabə, qardaşı Əhədlə birlikdə yaşayıb. Əhəd özü də dindar biridir, bu səbəbdən də əvvəllər Adillə yaxın dost olublar. Adil dindən uzaqlaşdıqdan sonra Əhədlə münasibətləri kəsildi. Mən dindar olduğum üçün niqab geyinmişəm. Əlavə olaraq evdən çölə çıxmamışam. Adil mənim tək evdən çölə çıxmağıma, mobil telefon işlətməyimə icazə verməyib. Vüsalın sadəcə qonşu kimi üzbəüz evdə yaşamasını bilmişəm. Onunla heç bir münasibətim, yaxınlığım olmayıb. Ümumiyyətlə, Vüsalın mənə qarşı hislərinin olmasını, mənə və ya evimin qapısına, pəncərəsinə baxmasının şahidi olmamışam. Vüsal özü də nə vaxtsa mənə söz göndərməyib. Heç vaxt mənə sataşmayıb. Adilin nəyə görə Vüsalın mənə baxmasını, göz-qaş atmasını iddia etməsini bilməmişəm”.

“Aramızda sözlə mübahisə olub”

Nigar qeyd edib ki, məlum hadisəyə qədər Adilin Vüsalın ona baxması, münasibət qurmağa cəhd etməsindən şübhələndiyini bilməyib: “Evdə olan zaman da Adil mənə Vüsalla bağlı belə bir şey deməyib. Ərim Vüsalın mənə göz-qaş atmasını, evimə, pəncərəmə baxmasını və ya mənim Vüsala baxmağımı irad tutmayıb. Buna görə aramızda mübahisə, problem yaşanmayıb. Adil dindən uzaqlaşdıqdan sonra spirtli içki qəbul edib. Buna görə də, bir neçə dəfə ona irad bildirmişəm. İradlarla bağlı aramızda sözlə mübahisə olub. Mübahisə zamanı Adil məni vurmayıb, mənə hər hansı xəsarət yetirməyib. Mübahisələrimizlə əlaqədar Quba Rayon Polis Şöbəsində hər hansı araşdırma aparılmayıb”.

“Üstü-başı qan içərisində idi”

Nigar bildirib ki, fevralın 6-da azyaşlı övladları ilə birlikdə evdə olub: “Ev işləri görmüşəm, uşaqlara baxmışam. Adil həmin gün evə bir neçə dəfə girib-çıxıb, axşamüstü xörəyini yeyib, çayını içib evdən çıxdı. Mən uşaqlarla və ev işləri ilə məşğul olduğum üçün konkret saata fikir verməmişəm. Həmin gün saat 22 radələrində Adil evə gəldi, üstü-başı qan içərisində idi. Çətinliklə yeridi, nəfəs almaqda çətinlik çəkdi. Nə baş verməsini soruşdum. Adil danışa bilmədi. Adilin mobil telefonu ilə qayınatama zəng etdim və Adilin evə qan içərisində gəlməsini dedim. Bir qədər sonra qaynım evə gəldi və Adildən hadisə barədə soruşdu. Adil ona da bu barədə cavab vermədi və nəfəsinin çatmamasını bildirdi. Qaynım həkim briqadası çağırdı. Lakin gec ola biləcəyini düşündüyü üçün Adili qonşunun avtomobili ilə təcili yardımı gözləmədən xəstəxana istiqamətində apardılar. Mən isə evdə qaldım. Adili apardıqdan sonra heyvanlara yem vermək üçün gedən zaman tövlədə qan ləkələrinin olmasını gördüm. Başa düşdüm ki, hadisə burada olub”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov